Premyer Liqanın bombardiri: "Ölkənin iki ən yaxşı komandasının oyunu olacaq"
28.11.2024 - 17:40
Premyer Liqanın bombardiri: "Ölkənin iki ən yaxşı komandasının oyunu olacaq"

“Araz-Naxçıvan”ın legioneri, hazırda Misli Premyer Liqasının bombardiri olan Felipe Santos apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" son turda "Kəpəz"i məğlub etdi. Bu matçda "Araz-Naxçıvan"ın qələbəsini necə şərh edərdin?
- Komandamız üçün çox yaxşı oyun alındı. Hər matçda daha da inkişaf edirik. Biz “Kəpəz”lə görüşdə sürətli qol vurmağı və oyunu idarə etməyi bacardıq. Doğrudur, meydança o qədər də yaxşı durumda deyildi. Lakin istənilən şəraitdə qalib gəlməyi bacardıq. Bu da bizi çox sevindirir. Artıq həmin görüş geridə qalıb və növbəti oyun haqda düşünürük. 

- Premyer Liqada heç bir klub "Araz-Naxçıvan"ı dayandıra bilmir. Səncə, "Araz-Naxçıvan" bu qədər güclüdür?
- Bilirsiz, biz komanda olaraq çox gözəl mərhələdəyik. Əvvələ qayıdaraq sizə bir şey deyim. Demək, mən komandaya yeni gəlmişdim, kollektivi gördüm və komanda yoldaşlarıma dedim ki, biz çox uzağa gedə bilərik. Çünki gücümüzü görmüşdük. Düzdür, ola bilər ki, insanların 99%-i təəccüblənir, ancaq məşqçilər heyəti və futbolçular olaraq, nə qədər çox iş gördüyümüzü, məşq etdiyimizi bilirik. Hər oyun bizim üçün finaldır.

- Əsas maraqlı məqam odur ki, "Araz-Naxçıvan" Premyer Liqanın ilk turunda "Qarabağ"a məğlub olmuşdu. Amma bu matçdan sonra qələbələr qazanmağa başladınız. Səncə,  həmin oyundan sonra nə baş verdi? Komanda sezonun ilk görüşünü 1:4 uduzsa da, sınmadı...
- Komanda tamamilə yeni idi. Yeni oyunçular və oyun tərzi vardı. Həmin oyun çox fərqli idi. Matçın startından beş dəqiqə keçməmiş ardıcıl qollar buraxdıq. Sonradan top vurmaq çətinləşdi. Halbuki qol imkanlarımız az deyildi. Həmin oyundan sonra biz daha çox komanda şəklində bir araya gəldik və nəticə də budur, özünüz görürsüz. Ümid edirik ki, qış fasiləsinə qədər mümkün qədər çox xal qazanacağıq.

- Necə düşünürsən, "Araz-Naxçıvan" mövsümün sonuna qədər bu cür uğurlu nəticəni davam etdirə biləcək? Sizə nə mane ola bilər? Rahatçılıqdan qorxmursuzki?
- Bayaq dediyim kimi, biz oyundan-oyuna irəliləmək istəyirik. Bu oyun bitdisə, qarşıdakı görüşü düşünürük. Hər oyun finala bənzəyir. Bilirik ki, daha 4 oyunumuz var və mümkün qədər çox xal qazanmalıyıq. Biz daha çox işləyirik. Çünki bilirik ki, bütün komandalar bizə fərqli yanaşır.

- "Araz-Naxçıvan" yalnız "Qarabağ"a uduzub. Demək olar ki, "Qarabağ"la oyunu səbirsizliklə gözləyirsiz? Həmin görüşdə qələbə qazana bilərsiz?
- “Qarabağ” bu çempionatın əsas favoritidir. Amma futbolda hər şey ola bilər, ona görə də bu idman növü gözəldir. Biz onlara qarşı yalnız son turda oynayacağıq. O vaxta qədər qarşılaşacağımız oyunlarda qalib gəlməliyik. Ümid edirəm ki, “Araz-Naxçıvan”ın “Qarabağ”la oyunu ən böyük izdihamı stadiona gətirəcək. Çünki bu, ölkənin iki ən yaxşı komandasının oyunu olacaq.

- "Araz-Naxçıvan" Premyer Liqada çempionluq uğrunda mübarizə apara bilər? Səncə, "Qarabağ"la çempionluq uğrunda mübarizə apara bilərsiz? 
- “Qarabağ” liqanın favoritdir. Biz isə gündən-günə işləyirik, artırmağa çalışırıq. Favoritliyi onlara buraxın. Biz məqsədimizə köklənmişik.

- Hazırda bombardirlər siyahısında birinci pillədəsən. Bu mövsüm sənin üçün əla alınır. Bu mövsüm neçə qol vura biləcəksən? Bombadir olsan, daha güclü klublara keçəcəksən?
- Bütün diqqətimi komandaya kömək etməyə yönəltmişəm. Yaxşı haldır ki, qollar gəlir, alınır. 7 oyunda 7 qol vurmuşam. Məncə, bu, mənim üçün də, klub üçün də vacib göstəricidir. Bombardir olmaq üçün əlimdən gələni edəcəyəm və yaxşı şeylər mütləq gələcək. Əsas odur ki,biz işləməyə davam edirik.

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsız. Səncə, qələbə qazana biləcəksiz? Altı xallıq oyundur?
- Bu da final matçıdır. Diqqətlər yalnız bu oyuna yönəlib. Məşqlərimizi də edirik. Məqsədimizə yaxınlaşmaq üçün bu oyunun nə qədər vacib olduğunu bilirik. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

0