"Qarabağ" Çempionlar Liqasının qrupuna düşməyə layiqdir" - Müsahibə
26.05.2024 - 16:50
"Qarabağ" Çempionlar Liqasının qrupuna düşməyə layiqdir" - Müsahibə

“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına müsahibə verib.

- “Qarabağ” çempionluğu rəsmiləşdirsə də, qələbə qazanmağa davam edir. Sonuncu turda da “Araz-Naxçıvan”la qarşılaşacaqlar. Bu görüş haqda fikrin necədir?
- Bəli, elədir. “Qarabağ” neçə tur öncə çempionluğunu rəsmiləşdirsə də, görürük ki, öz oyununu oynayır, qarşısına qoyduğu məqsədə nail olmaq istəyir. Bu gün də “Araz-Naxçıvan”a qarşı maraqlı oyun olacaq. Düşünürəm ki, “Qarabağ” bu oyunda da qalib gələcək. “Qarabağ” üçün mövsüm çox yaxşı başladı və artıq çempionluğu da rəsmiləşdiriblər. Mənə elə gəlir ki, məqsədləri kuboku da qazanıb mövsümü daha da yaxşı notlarla bitirməkdir. 

- Mövsümü “Qarabağ” üçün necə dəyərləndirirsən? Komandanın ÇL-in qrupuna düşəcəyinə inamın var?
- Komanda uğur qazandıqca, məsuliyyət, istək daha da artır. Qurban Qurbanov özü də bunu dəfələrlə bildirib. Biz də inanırıq ki, “Qarabağ” növbəti mövsüm üçün Çempionlar Liqasının qrupuna düşə bilər. Hamımız bunu istəyirik. “Qarabağ”a bu yolda uğurlar arzulayırıq. Onlar buna layiqdir.

- “Qarabağ” üçün bu mövsümün son oyunu “Zirə”yə qarşı kubokun final görüşüdür. Həlledici görüşdə hansı tərəfi favorit hesab edirsən?
- Düzdür, “Araz-Naxçıvan”la matçdan sonra “Qarabağ” üçün final oyunu var. Final görüşüdür deyə, öncədən heç nə deyə bilmərəm. Final bir oyundan ibarətdir. Amma istənilən halda, favorit “Qarabağ”dır. Necə olacağını isə oyunda görəcəyik.

- Komandanın legionerlərinə xarici klublardan maraq böyükdür. Necə düşünürsən, “Qarabağ” legionerlərini saxlaya biləcək?
- Bu haqda bir söz deyə bilmərəm. Yəqin ki, “Qarabağ”ın hədəfləri böyükdür. Qarşıda Çempionlar Liqasının təsnifat oyunları var. Məncə, çalışacaqlar ki, legionerlərini qoruyub-saxlasınlar. Hansısa mövqeyə bəlkə yeni oyunçular gətirildi. Komandanın məşqçilər heyəti var, onlar hansı mövqeyə yeni oyunçu lazımdırsa, qərar verəcəklər. Bunu da zaman göstərəcək. Bunlar “Qarabağ”ın məşqçilər korpusunun verəcəyi qərardan asılıdır.

- Son zamanlarda əsas gündəm Andrey Lunyovun komandada qalıb-qalmayacağıdır. Səncə, Lunyov “Qarabağ”a çox xeyir verir?
- Bu da məşqçilər korpusunun verəcəyi qərardan asılıdır. Gedəcək yoxsa, qalacaq məşqçilər korpusu və rəhbərlik qərar verəcək. Mövsümün bitiminə az qalıb. Yəqin ki, yaxın vaxtlarda hər şeyi biləcəyik.

- Qurban Qurbanovun özünün adı da “Beşiktaş”la hallanırdı. Necə düşünürsən, Qurban Qurbanov Türkiyə klubuna gedər? 
- Bir azərbaycanlı məşqçi Türkiyədən və ya başqa ölkələrdən dəvət alırsa, bizim futbol üçün xoş haldır. Həqiqətən sevindirici haldır ki, bizim məşqçilərə də xarici klublardan dəvət gəlir. Gedib-getməməsi isə məşqçinin özündən asılıdır. Mən sadəcə Qurban Qurbanova uğurlar arzulayıram. Allah qoysa, daha da bol sevincli günləri olar.

0