“Qarabağ”ın futbolçusu: “Onlara görə narahatam”
23.05.2022 - 16:02
“Qarabağ”ın futbolçusu: “Onlara görə narahatam”

“Bu, ilk çempionluğumdur. Çox şadam, emosiyalarım yüksəkdir. Özümü möhtəşəm hiss edirəm. Komandanın əziyyətinin bəhrəsi kimi çempionluğu qazanması xoş haldır”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə deyib.

22 yaşlı milliləşdirilmiş futbolçu “Qarabağ”dakı ilk mövsümündə az oynamasını bir çox amillə əlaqələndirib: “Qarabağ”da az oynamağımın bir çox səbəbləri var. Həm Ukrayna ilə Rusiya arasındakı müharibə, həm xəstələnməyimin və zədələnməyimin təsiri oldu. Məşqçilər korpusu hər şeyi düzgün qiymətləndirir və doğru qərarını verir. Mənim işim üzərimdə daha çox çalışmaqdır. İnanıram ki, özümü yaxşı tərəfdən göstərsəm, daha çox oyun vaxtı əldə edərəm”.

Əhmədzadə Ukrayna ilə Rusiya arasında yaşanan hərbi gərginliyə də münasibət bildirib. O, məhz bu üzdən bütün fikrini futbola cəmləyə bilmədiyini söyləyib: “Ukraynadakı dostlarımla daim əlaqədəyəm. Onlar “Qarabağ”la çempion olduğuma görə şaddırlar, məni dəstəkləyirlər. Mən isə onlara görə narahatam. Çünki Ukraynada futbol oynanılmır. Yanılmıramsa, müharibə üç aydır davam edir. Hər gün bu fikirlə yaşayıram,
ancaq düşünürük ki, müharibə nə vaxt bitəcək”.

Qeyd edək ki, “Qarabağ”a qış fasiləsində Ukrayna klubu “Minay”dan keçən Rüstəm Əhmədzadənin ağdamlılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 

0