Rüfət Əhmədov: "Səviyyə fərqi meydançada hiss olunur" - Müsahibə
27.03.2024 - 17:24
Rüfət Əhmədov: "Səviyyə fərqi meydançada hiss olunur" - Müsahibə

Azərbaycanın U-21 yığmasının müdafiəçisi Rüfət Əhmədov apasport.az saytına müsahibə verib.

- Ukrayna ilə matça yığma pis başlamasa da, sonradan üç qol buraxaraq uduzdu. Yəqin ki, belə olacağını ehtimal etmirdiz və xal qazanacağınıza inanırdız?
- Öncə onu deyim ki, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Hazırlıqlarımız da buna görə idi. Yaxşı hazırlaşmışdıq. Ukraynadan da xal və xallar ala bilərdik. Yenə də, fərdi diqqətsizliklər ucbatından xallar itiridik. İngiltərə ilə görüşdə də bu cür olmuşdu. 

- İngiltərəyə 1:5 hesabı ilə uduzduqdan sonra Ukrayna matçına köklənmək çox ağır idi? Yoxsa, İngiltərə məğlubiyyətini qəbullanmaq çətin olmadı?
- İstər İngiltərə ilə, istərsə də, başqa rəqiblə oyun olsun məğlubiyyəti qəbul etmək hər zaman çətindir. Yenə deyirəm, buraxdığımız qollara təkrar baxsaq, hər iki oyunda da öz səhvlərimiz ucbatından qollar buraxdığımızı görə bilərik. Yoxsa, normal oynayırdıq. 

- Yığmamız hazırda 3 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Səncə, son pillədən qurtulmaq, ən azından 1-2 pillə irəliləmək mümkündür, buna gücünüz çatar? Yoxsa, hazırkı durumda ən gücümüz çatan mövqe elə son pillədir?
- Bu futboldur da. Hələ qarşıda oyunlarımız var. Komandada hamı yaxşı nəticələrin olacağına inanır. Lakin vəziyyətə reallıqla baxsaq, indiki vaxtda qrupdakı komandaların futbolçularının oynadığı liqaya, komandalara baxsaq, bu da öz sözünü deyir. Biz özümüz də daha çox çalışıb, yaxşı yerlərə gəlməliyik.

-Səncə, hansı matçda daha yaxın idiz xal qazanmağa? İngiltərəyə qarşı oynamaq çətin idi, yoxsa Ukraynaya?
- Məncə, Ukrayna ilə görüşdə xal qazana bilərdik. Sadəcə dediyim kimi, fərdi diqqətsizliklə olmasaydı, bunu reallaşdıracaqdıq. Təəssüf ki, bu da baş tutmadı.

- Ancaq sanki Ukraynaya qarşı İspaniyada daha inamlı oynamışdınız. Razısan?
- Bakıda da pis oynamadıq. Məncə, diqqətsizlik üzündən, heçnədən qollar buraxdıq. Nəticəsi də bəllidir. 

-Hər iki görüşdə də yaxşı performans nümayiş etdirdin. Necə düşünürsən, məsələn Ukrayna ilə və ya İngiltərə ilı görüşlərdə Avropa klubların maraq dairəsinə düşə bilərsən, yoxsa həmin performans bəs etməz?
-Öncə onu deyim ki, bura milli komandadır. Biz Azərbaycanımızı təmsil edirik. Meydana çıxırıqsa, ürəyimizi orada qoymalıyıq. Mənim yaxşı oynamağım çox da mənim özüm üçün önəmli deyil. Əsas olan millimizi yaxşı yerlərə gətirməkdir. Performans olaraq çox geridəyik. Biz daha çox çalışmalıyıq. Mənim özüm də çox çalışmalıyam.

- Azərbaycan U-21 yığmasının əsas problemlərindən biri bu yığmada oynayan futbolçuların əksəriyyətinin Premyer Liqada oynamaması göstərilir. Səncə, həqiqətən belədir? Yəni əsas heyətin bütün üzvləri Premyer Liqada daimi oynasalar, U-21-in nəticəsi daha uğurlu olardı?
- Bəli, həqiqətən də belədir. Səviyyə fərqi meydançada hiss olunur da. Premyer Liqada oynayan futbolçularımız nə qədər çox olsa, yığma komandamız üçün daha yaxşı olar. Hamı Premyer Liqada oynasa, daha yaxşı olardı. Bundan əminəm. Ümid edək ki, belə də olacaq.

0