
"Neftçi" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, iki oyunun nəticəsinə görə turnirdə mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Azarkeşlərimizə təşəkkür edirəm. İlk dəfə idi ki, səfər oyununda bu qədər azarkeş toplanmışdı. Onların dəstəyini hiss edirdik, arxamızda olduqlarını görürdük. Kubokla bağlı bütün məsuliyyət mənim üzərimdədir. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərdən dolayı qış fasiləsindən də yetərincə yararlana bilmədik, istədiyimiz oyunçuları gətirə bilmədik. Bu komanda bizim qurduğumuz heyət deyil. Amma kubokla bağlı məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər".
- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar "Neftçi"yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?
- Söz demək mənə düşmür, çünki birlikdə çalışmamışıq. O şəxs və digər insanlar haqqında danışmaq istəmirəm. Bu gün məni üzən bir məqam oldu. Oyuna yaxşı köklənmişdik. Birinci hissədə bu il oynadığımız ən yaxşı futbolu sərgilədik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Sadəcə, qapıçı ilə müdafiəçimiz arasında anlaşılmazlıq oldu. Qol epizodlarımız da var idi. Əgər onları reallaşdıra bilsəydik… Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hərtərəfli təhlil etmişdik və uşaqlar bunu yaxşı anladı. Təəssüf ki, sona qədər eyni səviyyədə davam etdirə bilmədik. Rəqibə sona qədər pressinq etməyə və imkan verməməyə gücümüz çatmadı. Rəqib də güclü idi. “Sabah”ın heyətində birə-bir epizodlarda yaxşı oyunçular var. Bu komponentdə, bəlkə də, bizdən üstün idilər. Rəqibin əvəzetmələrindən sonra həm top saxlaya bildilər, həm də canlandılar. Biz isə irəli atıldıqca boşluqlar verdik. İkinci bir məqam da fasilə zamanı bəzi oyunçuların şikayətlənməsi oldu. Emin Mahmudov bu gün lider kimi çıxış edirdi, amma sona qədər çatdıra bilmədi. Demək olar ki, hamısı əvəzetmə istəyirdi.
Bizim etdiyimiz əvəzetmələr effekt vermədi. Onsuz da mərhələni keçə bilmirdiksə, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli oyunçularını meydana buraxdıqdan sonra fərq yaratdı, amma biz bunu bacarmadıq. Kaş ki, start heyətimiz sona qədər meydanda qalardı. Planlarımız var. Bu, yalnız bu oyuna aid deyil, əvvəldən də deyilir. Rəhbərlik və bizim tərəfimizdən də qərarlar veriləcək. Bu haqda burada açıqlama vermək istəmirəm. Daha yaxşı bir “Neftçi” olaraq qayıtmaq istəyirik. “Neftçi”yə layiq olan oyunçuları tapıb, komandaya cəlb etməliyik. Elə oyunçular olmalıdır ki, daim və davamlı şəkildə birinci hissədəki kimi futbol oynaya bilsinlər.
- Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?
- Məncə, bu məsələnin o qədər də aidiyyəti yoxdur. Hər mövqedə ümid bəslədiyimiz oyunçular var. Amma kiminsə olmamasına görə onun haqqında danışmaq düzgün olmaz. Sambu komandamıza qoşulandan sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurmuşdu və bu da bizi ümidləndirirdi. Təəssüf ki, cəzasını bir oyuna da tətbiq etmədilər. Sual pis deyil. “Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynaya bilmir?” — bu da bir yanaşmadır. Amma bu yanaşma da tam doğru deyil. Sambu yoxdursa, onun yerinə Dambo, Şeydayev, Ağadadaş kimi oyunçular var. Niyə biz qış fasiləsində gəlmiş Sambu olmadığına görə məyus olmalıyıq? Çətindir…
- "Qarabağ"la oyuna Darbo, Alekslə başlamışdız. Düşünmək olardı ki, "Sabah"la oyunun hazırlığı idi. Amma bu gün hücumda fərqli heyət gördük. Nədən irəli gəlirdi?
- Dəyişilən bir şey yox idi. Ağdadaş Salyanski "Qarabağ"la matçda zədəli idi. Ağadadaş bu gün əsas hücumçumuza çevrilmişdi. Bunun da səbəbi Darbonun qış toplanışını bizimlə keçməmisi idi. Fikirləşdik ki, ən azından Ağadadaş yoxdursa, Darbonu dəyişərdik.
- Əvəzetmələri gec etdiniz. Ehtiyat qüvvəyə inamsızlıq idi?
- İlk hissədə göstərilən performans məni qane edirdi. Dəyişiklik etməyə də ehtiyac yox idi. Təhlillərimizi həmin heyətlə aparmışdıq. Amma hər zaman hər şey planladığımız kimi getmir. Kimlərsə oyundan düşdü. Emin Mahmudov bir neçə – 2-3 epizodda top itkisinə yol verdi, bu da yorğunluqdan qaynaqlanırdı. Başqa oyunçuları dəyişmək istəyirdik, amma Sek və Ştoqrin özləri əvəzetmə istədi. Məcbur olub sistemi dəyişdik. Təəssüf ki, qol vurmaq mümkün olmadı. Meydana daxil olan oyunçular gözlənilən effekti vermədi. Daxilimdə deyirdim ki, kaş ki, əvvəlcədən oynayanlar sona qədər meydanda qala bilərdilər. Təəssüf ki, bu mümkün olmadı.
- "Neftçi" bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdüz. Futbolçuları qoruyursuz?
- Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına görə məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.
- Faiz nisbətlə deyə bilərsiz, növbəti mövsüm "Neftçi" necə faiz dəyişməlidir ki, bu günkü birinci hissədəki oyunu göstərəsiz?
- Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedib, neçə faiz qalacağını zaman göstərəcək.
- Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
- Bu sualı indi cavablandırmaq çox çətindir. Buranın da yeri deyil. Ətraflı şəkildə hər şeydən xəbərdarıq, klubla bu mövzuda mütəmadi danışırıq. Klub da, biz də komanda və oyun üçün ən yaxşısını etməyə çalışırıq. Bəli, bəzi problemlər mövcuddur. Digər komandalar bu cür vəziyyətlərin öhdəsindən gələ bilirlər, ümid edirəm ki, biz də bu problemləri həll edəcəyik. Bunu zaman göstərəcək. Çünki elə komandalar da olub ki, müəyyən oyunçularla bağlı problemlər yaşayıblar. Kimləri göndərəcəyimiz barədə danışmaq hələ tezdir, bunun üçün uyğun zaman deyil. Hər şeyi zaman müəyyən edəcək.