Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
26.04.2024 - 16:53
Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.  31-ci turda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.Bununla da “Sabah” növbəti mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Komandanın məşqçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib. 

- "Sabah" U-19 Gənclər Liqasının çempionu oldu. Ümumi mövsümü özünüz üçün necə dəyərləndirərdin? Çox çətin alındı, yoxsa rahat oldu? 
- Futbolda rahat heç nə olmur. Baxmayaraq ki, mövsümün sonuna 3 tur qalmış çempionluğu rəsmiləşdirdik. Sizləri əmin edirəm, U-19 liqada çox yaxşı və güclü rəqiblərə qarşı oynadıq. Ümumi götürsək, bu il gözəl və rəqabətli çempionat alındı. Bu da sevindirici haldır. Çempionluğu rəsmiləşdirsək də, ikinci yer uğrunda hələ də gərgin mübarizə davam edir.

- Uzun illər idi ki, "Qəbələ" bu liqanın çempionu olaraq hər zaman Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edirdi. Necə oldu ki, onların qarşısını ala bildiz? 
- “Sabah" gənc klubdur və Azərbaycan futbolunda öz təməlini yeni qoyur. Hamı bilir ki, “Sabah”ın rəhbərliyi öz akademiyasına böyük diqqət ayırır. Hazırda “Sabah” futbol akademiyası Azərbaycanın ən güclülərindən hesab olunur. Neçə ildir ki, hər yaş kateqoriyasında “Sabah”ın liderliyi var. Elə U-19 liqasında çempionluğumuz da akademiyanın uzunmüddətli planının, ağır və peşəkar işinin nəticəsidir. Hazırda U-19 komandamızı 2005-2006/07 təvəllüdlü uşaqlardan qurmuşuq. 2006-cı il təvəllüdlü uşaqlar artıq son 3 ilin çempionlarıdır. U-16, U-17,U-19 çempionluqlar yaşayıb. Onlar öz adlarını “Sabah” klubunun  tarixində qızıl hərflərlə yazdırdılar. 

- Bu dəfə UEFA Gənclər Liqasında Azərbaycanı "Sabah" təmsil edəcək. Yəqin ki, bu turnirə xüsusi hazırlaşacaqsız? Heyəti gücləndirməklə bağlı planlar var? Yaxud da, yaxşı toplanış keçmək üçün xaricə getmək filan? 
- Bəli, “Sabah” tarixdə birinci dəfədir ki, Gənclər Liqasında çempionu olur və Çempionlar Liqasında çıxış edəcək. Böyük maraqla və səbirsizliklə bunu gözləyəcəyik. Gələcək planlardan isə hələ ki, bir şey  deyə bilmərəm. Amma düşünürəm ki, yaxın zamanda bunların hamısı “Sabah” klubunun və akademiyanın rəhbərliyi tərəfindən müzəkirə olunacaq.

-  Sonuncu Gənclər Liqasının qalibi "Olimpiakos" oldu, hansı ki, mövsümün gedişində ikinci təsnifat mərhələsində "Qəbələ"yə qalib gəlmişdi. "Olimpiakos"un finaldakı oyununu izlədin? Ümumiyyətlə, UEFA Gənclər Liqasına baxmısan, bu liqa barədə məlumat varmı? 
- Bəli “Olimpiakos” hələ “Qəbələ” ilə oynayanda həmin matçlara baxmışdıq. Yarımfinal və final oyunlarını da izlədim. Əminliklə deyə bilərəm ki, çox maraqlı və futbolçular üçun önəmli  turnirdir. Təkcə bu turnirdə işirək etməklə artıq uşaqlar və məşqçilər böyük təcrübə qazanacaqlar. Ümumi turnir haqqında məlumatı yavaş-yavaş toplamağa başlayacağıq.

- "Sabah"ın U-19 komandasından A komandaya namizədlər varmı, bu uşaqları itirməmək üçün hansı addımları atmağı düşünürsüz? Yaxın gələcəkdə onları "Sabah"ın əsas komandasında görəcəyik? 
- Hazırda A komandasında U-19-dan 3 nəfər məşqlərdə və oyunlarda iştirək edirlər. Təbii ki “Sabah” akademiyasının birinci məqsədi yaxşı futbolçu yetişdirməkdir. Akademiyadan əsas komandaya futbolçu gedəndə də, bütün akademiya olaraq qürur hissi yaşayırıq. Bu bizim birinci işimizdir. Adlarını çəkmək istəmirəm, amma “Sabah”ın aşağı yaş qruplarında çox perspektivli uşaqlar var. Onları itirməmək üçün klub tərəfindən bütün lazım olan addımlar atılır. 

- "Sabah"ın Gənclər Liqasında əsas məqsədi nədən ibarət olacaq? Klubun iddiasını nəzərə alsaq, UEFA Gənclər Liqasında qruplara düşmək məqsədi qoyula bilər qarşınıza və bunu real hesab edirsən? 
- Gəlin qatardan qabağa qaçmayaq. Dediyim kimi, bütün bunların hamısı rəhbərlik tərəfindən müzakirə olunacaq. Gənclərin Çempionlar Liqası Avropanın klub səviyyəsində olan ən güclü turniridir. Bunu hamımız yaxşı bilirik. Təbii ki, orada layiqli çıxış etməyi arzulayırıq.

0