"Sumqayıt"da kütləvi ayrılıq baş verəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanın bir neçə aparıcı futbolçusu "gənclik şəhəri" təmsilçisini tərk edəcək.
Roy Kehat, Mehdi Cənnətov, Elvin Bədəlov, Səbuhi Abdullazadə və Rəhim Sadıxov böyük ehtimalla "bənövşəyilər"lə vidalaşacaq.
İsrailli yarımmüdafiəçinin və Səbuhinin xidmətində "Neftçi" maraqlıdır. "Ağ-qaralar"ın yeni baş məşqçisi Samir Abasov futbolçuları yenidən sərəncamında görmək istəyir. O, həmçinin Mehdi Cənnətov transferində də israrlıdır. Mütəxəssis Rza Cəfərovun çıxışından razı qalsa da, heyətə təcrübəli qapıçı əlavə etmək niyyətindədir.
Elvin Bədəlov "Sumqayıt"ı "Qarabağ"a dəyişməyə yaxındır. Ağdamlılar onu Bədavi Hüseynovun əvəzləyicisi kimi nəzərdən keçirir.
Rəhim Sadıxov isə ciddi təklif alacağı təqdirdə komandanı tərk edəcək. Böyük ümidlərlə transfer edilən futbolçu gözləntiləri qarşılamayıb. Onun özü də az forma şansı qazanmasından narazıdır.