“Turan”ın hücumçusu: "Azərbaycan Liqası mənə Braziliyanı xatırladır" - Müsahibə
20.02.2024 - 21:31
“Turan”ın hücumçusu: "Azərbaycan Liqası mənə Braziliyanı xatırladır" - Müsahibə

“Turan Tovuz”un hücumçusu Aleks de Souza apasport.az saytına müsahibə verib. 

- "Turan Tovuz" "Sumqayıt"la matçdan qolsuz bərabərliklə ayrıldı. Səncə, 3 xala layiq idiniz və 2 xal itirdiniz?
- Çox çətin oyun idi. Çünki biz çox yaxşı komandaya qarşı oynayırdıq. Təəssüflər olsun ki, yaxşı oynasaq da, 3 xalı qazana bilmədik. Amma futbol belədir də, hər zaman qalib gəlmirsən. Komandamız üçün heç-heçə də yaxşı nəticədir. Bu oyun artıq geridə qaldı, indi qarşıdakı matçı fikirləşirik.

- Bu matçda qol vursan da, ofsayda görə qeydə alınmadı. Həmin epizodun təkrarına baxmısan?
- Bəli, həm epizoda, həm də oyuna təkrar baxmışam. Mən hər zaman oyundan çıxıb evə gəldikdən sonra keçirdiyimiz matçı ilk dəqiqədən sona qədər yenidən izləyirəm ki, səhvləri düzəldim. Bəli, bu matçda qol vurdum. Amma təəssüf ki, ofsayda görə qeydə alınmadı. Bu da məni çox üzdü. Qol vurmağı çox istəyirdim. Futboldur da, olur belə hallar. 

- Artıq Azərbaycan Premyer Liqasına və "Turan Tovuz"a tam olaraq uyğunlaşmısan? Azərbaycan futbolunda sənə maraqlı və cəlbedici gələn nə oldu?
- Bəli çempionata yavaş-yavaş adaptasiya oluram. “Turan Tovuz”a da həmçinin. Komandanın içində artıq özümü uyğunlaşmış kimi hiss edirəm. Burada olmağı çox sevirəm. Heç bir problemim də yoxdur. Mən və ailəm özümüzü Azərbaycanda xoşbəxt hiss edirik. “Turan Tovuz”da oynamağı, komandaya kömək etməyi də çox sevirəm.

- “Turan Tovuz”un heyətində artıq 2 qol vurmusan. Azərbaycan Premyer Liqasında oynamaq, qol vurmaq sənin üçün rahat gəlir? Mövsümün sonuna qədər neçə qol vura biləcəksən?
- Doğrudur, artıq 2 qol vurmuşam. Amma məqsədim daha da çox qol vurmaqdır. Təbii ki, oyunlar olacaq ki, mən qolumu vuracam. Elə oyunlar da olacaq ki, qol vura bilməyəcəm. Ən əsası isə mən qol vurdum və ya vurmadım, komanda yoldaşlarıma kömək edim. İstənilən halda, mən özümü çox rahat hiss edirəm. Məşqçilər korpusu və futbolçular mənimlə tez-tez və çox danışırlar. Bu, mənə lazım olan inamı verir, bu çox kömək edir.

- “Turan Tovuz" hazırda 8-ci pillədədir, amma komandalar arasında xal fərqi çox deyil. Komandanın avrokuboklar şanslarını necə dəyərləndirirsən? 
- Bəli, “Qarabağ”ı çıxmaq şərtilə, digər komandalar arasında xal fərqi çox deyil. Bizim əla komandamız var. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu hədəfə çatmaq üçün ən yaxşı şəkildə işləyəcəyik.

- Bəs, Azərbaycan Premyer Liqasında əsas hədəfin nədir? Daha güclü klublara keçmək istəyirsən, məsələn, "Qarabağ"da oynamaq...
- Mənim əsas məqsədim komanda yoldaşlarıma kömək etmək və avrokuboklara çıxmaqdır. Gələcəyimlə bağlı məsələyə qayıtsaq, “Turan Tovuz”la yeni müqavilə imzalayıb, bura yeni gəlmişəm. Diqqətimi bu komandaya yönəltmişəm ki, yaxşı oynayıb komanda yoldaşlarıma kömək edim. Mən hadisələrin öz-özünə cərəyan etməsini sevirəm. Necə olacağını zaman göstərəcək. “Qarabağ” isə əla komandadır, bir çox oyunçu orada olmaq istəyərdi.

- Əvvəllər Litva Yüksək Liqasında da oynamısan. Azərbaycan Premyer Liqası ilə arasında hansı fərq var? 
- Azərbaycan və Litvadakı futbol arasında böyük fərq var. Burada çempionat daha rəqabətli və daha gərgindir,  yüksək səviyyəli oyunçular oynayır və bu mənim xoşuma gəlir. Azərbaycan Premyer Liqası bu xüsusiyyətinə görə mənə Braziliyanı xatırladır. Çünki Braziliyada da oyunlar gərgin və gurultulu keçir. 

- "Boluspor"da olanda "Qarabağ"ın keçmiş hücumçusu Dino Ndolovu ilə komanda yoldaşı olmusan. Maraqlıdır, heç onunla Azərbaycan futbolu və ya "Qarabağ" haqda danışmışdın?
-  Xeyr, biz heç vaxt Azərbaycan barədə danışmamışdıq. Amma mən bilirdim ki, Dino vaxtı ilə “Qarabağ”da oynayıb. Lakin bu barədə heç söhbətimiz olmamışdı.

- “Turan Tovuz” qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaq. Bu rəqib və oyun haqda nə düşünürsən? Qələbə qazana biləcəksiz? 
-  Çətin oyun olacaq. Amma azarkeşlərimizin önündə oynayacağıq. Çox yaxşı iş görməliyik. “Neftçi” haqda Azərbaycana gələndə öyrəndim. Bilirəm ki, yaxşı komandadır. Lakin bizim keyfiyyətli oyunçularımız var. ona görə də əla oyun olacaq.

0