
Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib.
- Albaniyada işlər necə gedir?
- Hər şey yaxşı gedir. Hazırlıqlarımız davam edir. Çempionatın startına hazırlaşırıq.
- Yəqin ki, "Partizani"nin məqsədi çempionluqdur?
- Əlbəttə ki, belə məqsədimiz var. Əsas odur ki, bu klubdayam və Albaniya mənim üçün yad deyil. Hər şey uğurlu keçdi. Amma fərqli komandadayam, fərqli sistemdir.
- Adaptasiya problemi yaşadın?
- Xeyr, çox şükür. Uyğunlaşma ilə bağlı problem olmayıb. "Partizani"də hansısa problemim olmadı. Oyunlarda da hər şey görünəcək.
- Milliyə çoxdandır ki, dəvət edilmirsən. Bu dəfə necə, dəvət gözləyirsən?
- Əlbəttə ki, millidən dəvət gözləyirəm. Hər şey öz əlimdədir. Oynadığım və yaxşı performans göstərdiyim təqdirdə inanıram ki, o dəvət gələcək.
- Albaniyada Azərbaycan derbisi yaşana bilər. Zamiq Əliyev də "Eqnatiya"da oynayır. Yəqin ki, daha maraqlı olar?
- Ölkə xaricində öz həmyerlimə qarşı oynamaq çox maraqlıdır. Haqqımızda xeyirlisi olsun. İnanıram ki, Albaniya çempionatı, ölkə xaricinə gedənlərin sayı çox olacaq.
- Azərbaycan klublarının avrokuboklardakı çıxışını izləyirsən?
- Desəm ki, heç bir oyuna canlı baxa bilmədim... Çünki saat fərqimiz çoxdur. Məşqlərimiz də üst-üstə düşürdü. "Qarabağ"ın çıxışı təbii ki, çox uğurludur. Gələcəkdə yaxşı olar, hamının ürəyi onu istəyir ki, ölkəmizin klubları uğurlu çıxış etsin.