[b]Güləşçimizin alman klubuna keçidinin təfərrüatları: ...hər görüşə 2-3 min dollar verirlər[/b]
21.04.2016 - 17:31
[b]Güləşçimizin alman klubuna keçidinin təfərrüatları: ...hər görüşə 2-3 min dollar verirlər[/b]

“Bu, birinci dəfə deyil. 5 ildi bütün güləşçilər müqaviləyə qol çəkirlər”. Bunu apasport.az saytına açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Aslan Ağayev deyib.

 

Yetirməsi Cəbrayıl Həsənovun (74 kq) Almaniyanın “Nendingen” klubu ilə müqavilə bağlamasına münasibət bildirən Ağayevin sözlərinə görə, bu hadisələr mütəmadi olsa da, bu dəfə almanların müqaviləni mətbuata sızdırması söhbəti “şişirdib”: “Bu dəfə qol çəkən kimi dərhal yazıblar. Ancaq indiyədək heç vaxt işıqlandırılmırdı. Yəqin Cəbrayıl Rioya lisenziya aldı və onlar da Olimpiadaya düşdüyü üçün belə ediblər. Güləş Federasiyasının və mənim icazəm olmasa, onun klub adından güləşməsi mümkün deyil. Sadəcə, qol çəkib. Bu dəfə yazıldığına, mətbuata çıxdığına görə bir qədər “şişib”. Bunu hər il Hacı Əliyev də, Yuliya Ratkeviç də edib. Demək olar ki, bütün idmançılarımız belə müqavilə bağlayıb. Yəni, həmin il nəsə edə bilməsələr, kluba gedib, onların adı ilə güləşsinlər”.

 

Məşqçinin fikrincə, müqaviləyə imza atmaqla hansısa qazanc da əldə olunmur və federasiya nə məsləhət bilsə elə də olacaq: “Bu, futbol, basketbol, tennis və ya hokkey deyil ki, milyonlardan söhbət getsin. Burada elə bir şey yoxdu. Müqavilə bağlayırsan, həftədə 1-2 görüş olur və hər birinə 2-3 min dollar verirlər. Bununla, hər şey bitir. Milyonlar yoxdu. Allah eləməsin, dünya çempionatında nəsə edə bilməyəndə gedib klubda 2-3 manat pul qazanırsan. Müqaviləyə isə pul vermirlər”.

 

Ağayev bildirib ki, indiyədək bir neçə müqavilə imzalansa da, hələlik hansısa titullu güləşçimiz klub adına çıxış etməyib: “Federasiya ilə müqaviləmiz var. Hər bir şeydən xəbərləri olmalıdı. Cəbrayıl da, ad çəkmək istəmirəm, başqaları da hər il bu müqaviləyə qol çəkib, ancaq işıqlandırılmayıb. İndi lisenziya ilə üst-üstə düşdü, belə oldu. Ancaq heç bir titullu idmançımız hələ ki, güləşməyib. Yenə də federasiyamız və ya mən istəsək, güləşməyə icazə verərik, ya da yox. Bütün bunlarla bağlı federasiyanı məlumatlandırmalısan. Hətta xaricə deyil, rayona getsən də, xəbərləri olmalıdı. Bu da dopinq və digər məsələlərdən irəli gəlir”.

 

0