[b]“Formula-1”: Bakı Qran-Prisi öncəsi sakinlərə müraciət edildi[/b]
12.05.2016 - 18:51
[b]“Formula-1”: Bakı Qran-Prisi öncəsi sakinlərə müraciət edildi[/b]

Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının (BŞH) keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. BŞH-dən apasport.az saytına verilən məlumata görə, hazırkı mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılır.

 

Yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə minnətdarlığını bildirən əməliyyat şirkəti plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdırmaq üçün onların anlayışına və davamlı dəstəyinə ehtiyac duyduğunu bildirib.

 

Hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılır. BŞH-nin keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən A. Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərini saxlamamağı xahiş edib. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisinin lazımi tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edilib.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bununla həm tikinti-quraşdırma işlərinin davam etdiyi yerlərdə avtomobillərin mümkün zərərdən qorunmasında, həm də yarışa hazırlıq işlərinin aramsız şəkildə həyata keçirilməsində maraqlıdı.

 

Qeyd edək ki, “Formula-1”in Bakı Qran-Prisi iyunun 17-19-da keçiriləcək.

0