[b]AÇ-2016: Ardıcıl 6-cı dəfə[/b]
19.05.2016 - 15:34
[b]AÇ-2016: Ardıcıl 6-cı dəfə[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 22 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını D qrupunda yer alan Çexiya millisi ilə davam etdirir. 

 

Püşkatmada 3-cü səbətdə yer alan Pavel Vrbanın yetirmələri Fransaya vəsiqəni qrup qalibi kimi əldə edib. Seçmə mərhələdə Hollandiyanın favoriti olduğu qrupda yer alan çexlərin İslandiya və Türkiyə ilə birbaşa vəsiqə verən 2-ci yer uğrunda mübarizə aparacağı gözlənilirdi. Lakin Hollandiyanın faciəvi çıxışı nəticəsində digər üç komanda birbaşa AÇ-yə yüksəlib. “Lokomotiv” kimi tanınan Çexiya millisi elə ilk matçında “narıncılar”ı məğlub edib. Startdakı ardıcıl 4 qələbədən sonra Latviya ilə oyundakı gözlənilməz xal itkisi və İslandiyaya məğlubiyyət də çexiyalıların 1-ci olmasına maneçilik törətməyib. Mərhələnin sonunda Türkiyəyə uduzan “Lokomotiv” özünə lazım olmayan matçda Hollandiyanı yenməyi də bacarıb.

 

Çexiya millisi üçün AÇ-lər uğurlu alınır. Hələ Çexoslovakiya dönəmində qitə çempionu da olan yığma 1996-cı ilk dəfə ayrı komanda kimi qatıldığı yarışda da finala qədər irəliləyib. O vaxtdan ardıcıl 6-cı dəfə yarışa yollanan komanda final mərhələlərində iştirak edən çexlər 1 gümüş və 1 bürünc də əldə edib.

 

Millinin “1 nömrə”si dünyanın ən yaxşı qapıçılarından olan Petr Çexdi. Özünün sonuncu böyük turnirində uğur qazanmaq arzusunda olan təcrübəli qolkiperin önündə oynamağa 4 mərkəz müdafiəçisi namizəddi. Burada Tomaş Proxazka, solda da oynamağı bacaran Mihal Kadlets, Tomaş Sivok və Marek Suxi çıxış edə bilər. Vrba daha çox Kadletslə Proxazkaya güvənsə də, digər müdafiəçilərin də şansı az deyil. Sağ cinahda Pavel Kaderjabek, solda David Limberskinin yer alması gözlənilir.

 

Orta sahədə əsas oyunçu meydanı nəzarətində saxlamağı bacaran Vladimir Daridadır. O, daha çox təcrübəli Yaroslav Plasil ilə yanaşı çıxış edir. Lakin sonuncu dayan deyil, mərkəz yarımmüdafiəçisi kimi oynasa, Lukaş Vah da şans qazana bilər. Amma Plasilin oyun qurucusu olması üçün Tomaş Rositskinin bərpa prosesini uğurla başa vurmamalıdı. Çünki bu mövqedə əsasən sonuncu çıxış edir.

 

Yarımmüdafiənin sağında Çexiya futbolunun ən böyük istedadlarınsan sayılan Borjek Doçkal mübarizə aparır. Digər cinah isə Ladislav Kreyçiyə həvalə olunur. Hücumda təcrübəli David Lafataya üstünlük verən Vrbanın Tomaş Netsid kimi alternativ variantı da var.

 

Final mərhələsində İspaniyanın favorit olduğu qrupda yer alan Çexiya təxminən bərabər səviyyəli 3 komandanın mübarizəsində mərhələ adlamalıdı. Seçmə mərhələdə də bir qrupda oynadığı Türkiyə, həmçinin Xorvatiya ilə mübarizədə heç də az şansa malik deyil.

 

Seçmə mərhələdəki uğurlu çıxışdan sonra Çexiya yığması qələbə qazana bilmir. Ötən ilin sonunda Polşaya 1:3 hesabı ilə uduzan Vrbanın yetirmələri 2016-cı ildə 2 matça çıxıb. Öz meydanında Şotlandiyaya 0:1 hesabı ilə uduzan çexlər İsveç səfərində də qalib glə bilməyib – 1:1.

 

FİFA reytinqində: 29-cu yer

Ləqəbi: Lokomotiv, Xalq komandası, çexlər

İlk oyun: Macarıstan – 1:2 (1903)

Ən böyükhesablı qələbə: Andorra – 8:1 (2005), San-Marino – 7:0 (2006), San-Marino – 7:0 (2009)

Ən böyükhesablı məğlubiyyət: İsveçrə - 0:3 (1994), Norveç – 0:3 (2011), Rusiya – 1:4 (2012), Danimarka – 0:3 (2013)

Titulları: yoxdu

Ən çox oyun: Petr Çex, Karel Poborski (hər ikisi 118)

Ən çox qol: Yan Koller (55)

Final mərhələsinə yolu:

A qrupunda I yer: 7 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 19-14, 22 xal

İslandiya - 2:1*, 1:2

Türkiyə – 0:2, 2:1

Hollandiya – 2:1, 3:2

Qazaxıstan – 2:1, 4:2

Litva – 1:1, 2:1

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – Çexoslovakiyanın tərkibində olub

1964 – Çexoslovakiyanın tərkibində olub

1968 – Çexoslovakiyanın tərkibində olub

1972 – Çexoslovakiyanın tərkibində olub

1976 – Çexoslovakiyanın tərkibində olub

1980 – Çexoslovakiyanın tərkibində olub

1984 – Çexoslovakiyanın tərkibində olub

1988 – Çexoslovakiyanın tərkibində olub

1992 – Çexoslovakiyanın tərkibində olub

1996 – II yer

2000 – Qrup mərhələsi

2004 – III yer

2008 – Qrup mərhələsi

2012 – 1/4 final

Baş məşqçi: Pavel Vrba

Kapitan: Petr Çex

AVRO-2016-da oyunları:

13 iyun. 17:00. İspaniya - Çexiya

17 iyun. 20:00. Çexiya - Xorvatiya

21 iyun. 23:00. Çexiya – Türkiyə

0