“Rio Olimpiadası bizim üçün ən vacib idman tədbirlərindən biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Bu gün MOK-un inzibati binasında Rio Olimpiadasının təşviqat və təbliğat kompaniyasına dair mətbuat konfransı keçirilib.
Konfransda iştirak edən Çingiz Hüseynzadə Braziliyada baş tutacaq Olimpiadada idmançılarımızın iştirakı ilə bağlı proqnoz verib. O bildirib ki, millimizin Riodan ən azı 11-12 medalla qayıdacağını gözləyir: “Proqnoz vermək çətin olsa da, mən həmişə proqnozumu vermişəm və çox vaxt da özünü doğruldub. Proqnozu yalnız idmançılarımızın potensialını nəzərə alaraq, vermək olar. London Olimpiadasında idmançılarımız 10 medal qazanmışdılar. Həmin vaxt bizim minimum hədəfimiz 9 medal idi. Çünki Azərbaycan millisi adətən əvvəlki olimpiadadan 2 medal artıq qazanırdı. Lakin Londonda medallarımızın sayı 10 oldu. Bu dəfə yığmamızın tərkibi daha böyükdü, 56 nəfərlə iştirak edəcəyik. İdman növlərinin sayı da daha çoxdu. Deməli, imkanlar da çoxdu. Mən komandanın ümumi tərkibini nəzərə alıram. Adətən bizdə komanda üzvlərinin təxminin yarısı medal qazanmağa namizəd idmançılar olur. Bu mənada, Rio Olimpiadasından ən azı 11-12 medalla qayıtmalıyıq. Məncə, medalların sayı da, əyarı da bu dəfə daha yüksək olacaq”.
Bəzi idmançılarımızın artıq Rioda olduğunu bildirən Hüseynzadə əsas komandanın isə avqustun 1-dən 2-nə keçən gecə yola düşəcəyini qeyd edib: “Gimnastlar, cüdoçular, yəni ilk günlərdən yarışa başlayacaq idmançılar artıq Braziliyaya gediblər. İkinci qrup, yəni əsas qrup isə ayın 1-dən 2-nə keçən gecə, saat 01:00-da yola düşəcək. Saat 23:00-dan hava limanında idmançılarımızı yola salmaq mərasimi başlayacaq. Güləşçilər də Braziliyaya əsas qrupdan tez gedirlər. Onlar Riodan 120 km aralıda təlim-məşq toplanışı keçəcəklər. Ayın 9-10-dan sonra isə Olimpiya kəndinə gələcəklər. Bütün federasiyaların xahişini nəzərə almışıq. Kim nə vaxt getmək və qayıtmaq istəyirsə, icazə verilib. Kim tez qayıtmaq istəyəcəksə, yarışı bitən kimi qayıda biləcək. Əsas qrup isə avqustun 22-də çarter reysi ilə böyük təyyarə vasitəsilə Azərbaycana qayıdacaq”.
Olimpiadada velosipedçilərimizdən də uğurlu çıxış gözləyən MOK-un vitse-prezidenti təhlükəsizliklə bağlı görülən tədbirlərdən də danışıb: “Bu il Olimpiadaya güclü velosiped komandamız da gedir. 3 nəfər 4 lisenziya üzrə yarışacaq. Onları nəzərdən kənarda saxlamırıq, velosipedçilərimizdən də yaxşı nəticə gözləyirik. Yadımdadı, London Olimpiadasında Qazaxıstan velosipedçisi medal qazanmışdı. Yaşı çox idi, medal qazanacağını heç kim gözləmirdi. Lakin yarış zamanı son anda toqquşma oldu, hamı yıxıldı və o, medal qazandı. Təhlükəsizlik məsələsinə gəlincə, bilirik ki, bu gün dünyada “Zika” virusu mövcuddu. Amma 6 ay əvvəlkindən zəifdi. Olimpiya Kəndində bu sarıdan heç bir problem olmayacaq. Bundan əlavə, bütün idmançılara tövsiyə olunub ki, uzunqol köynəklər və ayaqlarına corablar geyinsinlər, şortda gəzməsinlər. Orda hava o qədər də isti olmayacaq, maksimum 25-26 dərəcə istilik olacaq. Gənclər və İdman Nazirliyinin Dispanseri tərəfindən xüsusi çantalar hazırlanıb ki, orda ağcaqanaddan qorunmaq üçün maddələr var. Eyni zamanda, ağcaqanadın zəhərini çəkmək üçün xüsusi cihaz da var. Əlimizdən gələni etmişik. Amma bilirsiz ki, “Zika” əleyhinə hələ dərman tapılmayıb”.
Çingiz Hüseynzadə Rusiyanın bəzi idmançılarının dopinq qalmaqalı ilə əlaqədar, Rio Olimpiadasına buraxılmamasına da toxunub: “Rusiya kimi, bizim də Olimpiadaya buraxılmayan idmançılarımız var. Elə ölkə yoxdu ki, bu halla üzləşməsin. Dopinq məsələsi ilə bağlı tələblərə bir çox idmançılar riayət edirlər, amma riayət etməyənlər də olur. Rusiyadan Olimpiadaya buraxılmayan idmançıların əksəriyyəti atletlərdi. Bir də avarçəkənlərindən cəmi 6 nəfər buraxılıb. Bizim idmançıların çıxış etdikləri növlərdə rusların o qədər də güclü idmançıları yoxdu. Amma avarçəkənlərinin buraxılmaması hardasa faydalı ola bilər. Güləşdə isə 1 nəfəri buraxmayıblar, o da Lebedev. Amma onun yerinə gedən idmançı heç də Lebedevdən zəif deyil. Razıyam ki, Hacı Əliyev üçün əsas rəqib rusiyalı idmançı idi”.
MOK-un Marketinq Şöbəsinin müdiri Mehman Kərimov isə qeyd edib ki, Rio Olimpiadasına Azərbaycandan 10 media nümayəndəsi aparılacaq. İdmançılarımızın yarışları internet vasitəsilə də ölkəmizdə nümayiş etdiriləcək: “Bütün internet resurslarımız var gücü ilə işləməkdədi. “Rio-2016: birlikdə güclüyük” devizi altında təbliğat və təşviqat prosesini həyata keçiririk. Olimpiada tarixində ilk dəfə “Olimpiya kanalı” istifadəyə verilib. Ora ancaq Milli Olimpiya Komitələrinin çıxışı var. Onun vasitəsilə biz də internetlə canlı yayım həyata keçirəcəyik”.