Naxçıvan MR DGK darmadağınla çempion oldu - FOTOSESSİYA
10.05.2016 - 20:23
Naxçıvan MR DGK darmadağınla çempion oldu - FOTOSESSİYA

Mayın 6-da ABU Arena İdman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin yaradılmasının 24 illiyinə həsr olunmuş futzal üzrə ənənəvi birinciliyin final qarşılaşmaları keçirilib. Dövlət Gömrük Komitəsindən apasport.az saytına verilən məlumata görə, birinciliyin təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunması olub.

 

Xatırladaq ki, fevralın 1-də start götürən yarışlarda 4 mərhələ üzrə 2 qrupda (A və B qrupları) ümumilikdə 14 komanda iştirak edirdi.

 

A qrupunda Naxçıvan MR DGK, Enerci Gİ, AR DGK, Gəncə Gİ, Tovuz Gİ, Avtonəqliyyat Baş Gİ, Balakən Gİ, B qrupunda isə HNB Gİ, Xaçmaz Gİ, Bakı Baş Gİ, Sumqayıt Baş Gİ, Biləsuvar Gİ, Azterminalkompleks Birliyi, Astara Gİ-nin komandaları mübarizə aparıblar.

 

A qrupunun qarşılaşmaları Gənclik İdman Sağlamlıq Mərkəzində, B qrupu üzrə yarışlar isə Astara Olimpiya İdman Kompleksində təşkil olunub.

 

Yarışların III (1/4) və IV mərhələsi (yarımfinal) Astara Olimpiya İdman Kompleksində baş tutub. İlkin mərhələdə oyunlar dairəvi sistem üzrə, 1/4 final mərhələsinə çıxmış 8 komanda isə Olimpiya sistemi üzrə oynayıb.

 

A və B qrupunda yüksək xal toplayaraq I-IV yerləri tutmuş komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

Mayın 6-da keçirilən həlledici mərhələdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası Bakı Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşıb. Oyun Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandasının 8:1 hesablı qələbəsi ilə başa çatıb.

 

3-cü yer uğrunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandaları üz-üzə gəliblər. Bu mübarizədən isə 3:1 hesabı ilə Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandası qalib ayrılıb.

 

Yarışlarda ilk üç yeri tutmuş komandalar müvafiq diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 

Mükafatlandırma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin I müavini g/x general-leytenantı Səfər Mehdiyev, DGK sədrinin müavinləri g/x general leytenantı Rza Həsənəliyev, g/x general-leytenantı Əsgər Abdullayev, g/x general-leytenantı Şahin Bağırov, Bakı Baş Gömrük İdarəsinin rəisi g/x mayoru Vüsal Novruzov, Milli Olimpiya Komitəsnin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru g/x polkovniki Xəzər İsayev iştirak ediblər.

 

Turnirdə fərqlənən 7 oyunçu müxtəlif nominasiyalarda diplomlarla təltif olunublar.

 

Sahil Muradov “ən məhsuldar oyunçu”, Orxan Hüseynov  “ən əzmkar oyunçu”, Vüsal Məcidov “ən texnikalı oyunçu”, Ülvi Məmmədov “ən yaxşı yarımmüdafiəçi”, Hikmət Məmmədov “ən yaxşı müdafiəçi”, Rahil Tahirli “ən yaxşı qapıçı”, Azad Hüseynov isə “ən yaxşı hakim” nominasiyalarının qalibi olublar.

 

Mərasimin yekununda Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən Suleyman Seyidova “ədalət prinsiplərinə sadiq məşqçi”, Ülvi Məmmədova “ədalət prinsiplərinə sadiq idmançı”, Nizami Şərifova “ədalət prinsiplərinə sadiq hakim” nominasiyalarında mükafatlar təqdim olunub.

0