Yenidənqurma və əsaslı təmir işləri başa çatmaqda olan Respublika Velotrekində uzunmüddətli fasilədən sonra ilk yarış - Bakı şəhər çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, idman qurğusunun hazırkı vəziyyətini yoxlamaq üçün nəzərdə tutulan sınaq xarakterli yarışda müxtəlif yaş qrupları üzrə 40-dan artıq velosipedçi iştirak edib.
2 gün davam edən yarış Velotrekin böyük turnirlər üçün hazır olduğunu göstərib. Aprelin sonlarında tam istifadəyə verilməsi planlaşdırılan kompleksdə həm idmançılar, həm də məşqçilər üçün lazımi şərait yaradılıb. Burada ekstremal idman növləri həvəskarları, o cümlədən BMX yarışlarında iştirak edəcək idmançıların hazırlanması üçün “Skate Park”, habelə müasir mini-futbol meydançası da var. Federasiyanın yeni inşa olunmuş inzibati binası da Velotrek ərazisində yerləşir.
Qeyd edək ki, Respublika Velotreki bir vaxtlar yalnız Azərbaycanda deyil, hətta keçmiş SSRİ məkanında da 1980-ci il Moskva Olimpiadası ərəfəsində o vaxtlar Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunmuş ən yaxşı idman qurğularından biri olub. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində Velotrek baxımsızlıq üzündən bərbad vəziyyətə düşüb və ərazisinin böyük bir hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, ərazidə geniş tikinti və yenidənqurma işləri aparılıb və yaxın vaxtlarda bu müasir idman qurğusu velosipedçilərin istifadəsinə veriləcək.