"Rəqib əvvəlki 5 oyunda da məğlub olmuşdu və bu gün daha yaxşı performans göstərmək istəyirdi. Lakin rəqibin uğur qazanmasına imkan vermədik".
Apasport.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Rəqibin uğur qazanmasına imkan vermədik. İlk 5 dəqiqəni nəzərə almasaq, oyunboyu üstünlük bizim tərəfimizdə idi. Bu gün müdafiə ribaundlarında çox zəif çıxış etdik. Rəqibimiz 24 hücum ribaundu əldə edib və ümumilikdə 26 xalı ikinci cəhddən qazanıb. Biz bu mövqedə savaşa bilsəydik qarşılaşmanın taleyini daha erkən müəyyənləşdirərdik. Bu da bizim üçün bir dərs oldu. Həm məğlub olarkən, həm də qələbə qazanarkən öyrənmək çox vacibdir. Oyunçularımı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar".
Qeyd edək ki, "Naxçıvan" - "Neftçi" qarşılaşması birincilərin 83:72 hesablı qələbəsi ilə yekunlaşıb.