Argentina darmadağınla Finalissimanın qalibi oldu!
02.06.2022 - 00:44
Argentina darmadağınla Finalissimanın qalibi oldu!

“Uembli” stadionunda İtaliya ilə Argentina yığmaları üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, bununla son Avropa və Cənubi Amerika çempionları arasında təşkil edilən titul matçı 29 ildən sonra bərpa olunub.

1985 və 1993-cü ilin ardından üçüncü dəfə baş tutan qitə çempionlarının dueli Finalissima-2022 adlanıb.

Londondakı qarşılaşmaya sürətli başlayan Argentina millisi ilk hissədə rəqib qapısından iki cavabsız top keçirib. 28-ci dəqiqədə Lautaro Martines, 45+1-ci dəqiqədə isə Anxel Di Mariya Skuadra Adzurranı mərkəzə dəvət edib.

Bu üstünlüyünü fasilədən sonra da davam etdirən cənubi amerikalılar qarşılaşmaya əlavə edilmiş 4-cü dəqiqədə son nöqtəni qoyublar. Bu dəfə Paulo Dibala fərqlənib. Beləliklə, Avropa çempionunu darmadağın edən (3:0) Argentina millisi Finalissimanın qalibi olub.

Qeyd edək ki, UEFA və KONMEBOL-un birgə əməkdaşlığı ilə təşkil edilən ilk iki yarışda Fransa Uruqvayı (1985), Argentina isə Danimarkanı (1993) üstələyərək, kuboku qazanıb.

0