Avropa Liqasında ÇL fərqi
30.10.2022 - 14:35
Avropa Liqasında ÇL fərqi

Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı Avropa Liqasının əsas favoritlərinin Çempionlar Liqasından gələn komandalar olduğu heç kimə sirr deyil. Joze Mourinyo onları köpəkbalığına bənzədir, Xavi isə “Barselona”nın ikinci dərəcəli turniri də qazanmağa iddialı olduğunu gizlətmir.

Apasport.az saytı Çempionlar Liqasından gələn klubların Avropa Liqasındakı final performansına aydınlıq gətirib.

Qitənin ən güclü klub turnirinin uğursuzlarının ikinci dərəcəli yarışa yuvarlanması 1999/2000 mövsümündən başlayıb. Elə ilk cəhddə finala iki “köpəkbalığı” yüksəlib və “Qalatasaray” türk futbol tarixini yazdığı qarşılaşmada “Arsenal”ı penaltilərlə üstələyib.

Sonrakı 22 finalda daha 7 dəfə Çempionlar Liqasından gələn klub kuboku başı üzərinə qaldırıb. “Feyenoord” (2001/02), MOİK (2004/05) və “Şaxtyor” (2008/09) turnirin UEFA kuboku adlandığı dövrdə buna nail olub. “Atletiko” (2009/10, 2017/18), “Çelsi” (2012/13), “Sevilya” (2015/16) eyni uğuru Avropa Liqasında rəsmiləşdirib. 

Bunu iki dəfə bacaran “Atletiko” kuboka sahib çıxan sonuncu “köpəkbalığı”dır. Son 4 ildə isə belə komanda olmayıb.

“Qalatasaray”ın tarix yazdığı Kopenhagen finalı Çempionlar Liqasından gələnlərin iştirakı ilə yeganə həlledici matç deyil. Daha üç belə final qeydə alınıb. “Borussiya” D (2001/02), “Verder” (2008/09) və “Benfika” (2012/13) özü kimi digər turnirdən gələn rəqibinə uduzub.

Daha 8 dəfə Çempionlar Liqasının uğursuzu digər turnirdə finala qədər irəliləsə də, kuboku qazana bilməyib. Bunlar “Seltik” (2002/03), “Marsel” (2003/04), “Reyncers” (2007/08), “Braqa” (2010/11), “Benfika” (2013/14), “Dnepr” (2014/15), “Ayaks” (2016/17), “İnter” (2019/20), “Mançester Yunayted” (2020/21) klublarıdır.

Bir sözlə, bu qaydanın qüvvədə olduğu 23 mövsümdə 21 final oynayan Çempionlar Liqası təmsilçiləri 8 dəfə kuboka sahib çıxıb.

Qeyd edək ki, bu mövsümün finalı gələn il mayın 31-də Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
 

0