Eldəniz Əzizli: “Azarkeşi olduğum yığmanın finala yüksələcəyinə inanmıram”
08.12.2022 - 15:23
Eldəniz Əzizli: “Azarkeşi olduğum yığmanın finala yüksələcəyinə inanmıram”

“Portuqaliya yığmasının fanatıyam. Bu komandaya həm də Kriştiano Ronaldoya görə azarkeşlik edirəm".

Bunu apasport.az saytına Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib. 

İkiqat dünya və Avropa çempionu Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Futbol azarkeşi olan 30 yaşlı pəhləvan bildirib ki, əvvəlkilərlə müqayisədə bu mundialda daha çox sensasiyalar qeydə alınıb. 

Qrup mərhələsi və 1/8 final görüşləri barədə danışan Əzizlinin sözlərinə görə, Belçika, Almaniya və İspaniya kimi yığmaların mübarizəni dayandırması onun üçün gözlənilməz olub: "Mundialda çox maraqlı proseslər baş verir. Onlardan ən əsası Belçika və Almaniya millilərinin qrupda qalması oldu. Çünki bu hər kəsə məlumdur ki, Roberto Martinesin komandası dünya üçüncüsüdür. Digər bir məqam kimi, Mərakeş yığmasının İspaniyanı yarışdan kənarlaşdırmasını göstərə bilərəm. Afrika təmsilçisinin oyunu penaltilərə daşıması və bu seriyada 3:0 hesabı ilə qalib gəlməsi həqiqətən də sensasiyadır”. 

O vurğulayıb ki, Mərakeş 1/4 finala vəsiqə qazanaraq tarixə düşsə də, Portuqaliya səddini keçə bilməyəcək: “Avropa təmsilçisi güclüdür və bunun sayəsində də inamla irəliləyir. Lakin növbəti mərhələdəki rəqiblərə və reallığa əsasən onların finala yüksələcəyinə inanmıram”. 

Güləşçi yarımfinala gedən yolda Niderland – Argentina cütünün qalibinin də sonadək irəliləyəcəyini proqnozlaşdırmır. 

Əzizli dekabrın 9-10-da keçiriləcək 1/4 finalda Braziliya ilə Fransanın qalib gələcəyini və finalda məhz bu yığmaların oynayacağını qeyd edib: "Bu komandalar çox yaxşı formadadırlar. Fikrimcə, həlledici matçda Braziliya və Fransa qarşılaşacaq. Lakin bu iki komandadan kimin qalib gələcəyini dəqiq deyə bilməyəcəm. Braziliyanın çempion olmasını istəyirəm". 

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.
 

0