Fernandu Santuş: "Meydana yalnız qələbə üçün çıxacağıq"
07.09.2024 - 19:41
Fernandu Santuş: "Meydana yalnız qələbə üçün çıxacağıq"

Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşacaq.

Oyundan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi portuqaliyalı mütəxəssisin fikirləri ilə tanış edirik:

- Slovakiya mətbuatında bu gün çıxan xəbərlərə görə, rəqib Azərbaycanı çox ciddi analiz edib. Bu, Santuşu çəkindirmir ki? Bizi dərindən analiz etmələri ona çərinlik törədəcək?
- Mənim köməkçilərim də Estoniyada olanda belə analiz etmişdi. Bu, normal prosesdir.

- Slovakiya Azərbaycan üçün çox önəmlidir. İlk qolumuzu bu milliyə vurmuşuq. 21 yaşadək yığmada ilk qələbəmizi də onların üzərində qazanmışıq. Fernandu Santuşun məşqçi kimi ilk qələbəsini də sabah gözləyək?
- Biz keçmişlə yaşamırıq. Amma meydana qələbə üçün çıxacağıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Keçmişdə İsveç və Slovakiyanı məğlub etmişik, bu, aydındır. Amma ondan sonra görün nə qədər məğlub olmuşuq. Bizim üçün əsas olan məsələ odur ki, sabah futbolçular sona kimi mübarizə aparsın. Yeni yolda çətinliklər də olacaq. Bunun öhdəsindən gəlməliyik. Rəqibə hörmətimiz var. Kifayət qədər güclüdür. Avropa çempionatında çıxış ediblər. Amma onlardan qorxmuruq. Sabah əlimizdən gələni edəcəyik.

- İsveçlə görüşdən sonra Ramil Şeydayev və Emin Mahmudov arasındakı məsələ çox müzakirə olundu. Bu barədə baş məşqçinin mövqeyi necədir? Sizcə, Ramil doğru etdi?
- Bu barədə danışmaq istəmirəm. Amma Eminə demişdim ki, penaltini sən yerinə yetirəcəksən.

- Azərbaycanla bağlı ilk fikriniz necə oldu?
-  Mən Azərbaycana inanıram. Onun üçün bura gəlmişəm. Amma dediyim kimi yolumuz uzundur. Baza yaratmaq lazımdır. Futbolçulara güvənirəm. Çətin oyun olacaq. Amma inanıram ki, bunun öhdəsindən gələcəklər.

- Azərbaycandan nəinki qələbə, heç heç-heçə də gözlənilmir. Bu, sizi ruhdan salır, yoxsa əksinə motivasiya verir?
- Siz çox səhv yanaşırsız. Mən qələbələr gözləyirəm. Əlimizdən gələni edib qələbə qazanmaq istəyirik. Meydana da yalnız qələbə üçün çıxacağıq. Uzun yola çıxmışıq. Burda udmaq da, uduzmaq da var. Bu, iki günün işi deyil. Slovakiyanı analiz etmişik. Yaxşı futbolçuları var. Öz oyunçularla analizlərimizi bölüşmüşük. Hər şeyə hazırıq. Ən önəmlisi odur ki, futbolçular bunu başa düşsün, tapşırıqlarımı yerinə yetirsin və qələbə qazanaq.

- Demişdiz ki, Ramillə bağlı komandadaxili qərar veriləcək. Maraqlıdır, Şeydayev sabah start heyətində olacaq?
- Bunu sabah görəcəksiniz...

- Slovakiyanı izləmisiz. Deyə bilərsiz ki, qələbə qazanmaq üçün nə lazımdır?
- Onları çox yaxşı şəkildə izləmişəm. İnkişaf edirlər. Əla futbolçuları var. Amma taktikamı bölüşə bilmərəm. Bunu rəqib baş məşqçi görə və taktikasını dəyişə bilər.

- Məşqçilik karyeranızda Slovakiya ilə qarşılaşmısız? Bu rəqib sizin üçün nə qədər arzuolunandır?
- Bu rəqiblə Yunanıstanın sükanı arxasında qarşılaşmışam və qələbə qazanmışam. Amma bu, 10 il öncə olub...

- Bəhlul Mustafazadənin itkisi nə qədər ciddir?
- Bizim kifayət qədər oyunçumuz var. Təbii ki, oynasa daha yaxşı olardı. Amma İsveçlə matçın ilk hissəsində zədələnmişdi. Sabah mövcud futbolçularımızdan yararlanacağıq. Komandanın heyəti zəngindir.

- 27 ildən sonra ilk dəfə burda meydana çıxacaqsınız. Bununla bağlı nə düşünürsüz?
- Sizi başa düşürəm. Hamı istəyir ki, doğma meydanda yaxşı nəticə göstərsin. Amma biz də bura qələbə üçün gəlmişik.

Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı sentyabrın 8-i saat 20:00-da start götürəcək.

0