Hikmət Cəbrayılzadə: "Onunla danışıqdan sonra "Qarabağ"da qalmaq qərarına gəldim"
10.06.2026 - 10:40
Hikmət Cəbrayılzadə: "Onunla danışıqdan sonra "Qarabağ"da qalmaq qərarına gəldim"

Azərbaycan U-20 millisinin və "Qarabağ"ın futbolçusu Hikmət Cəbrayılzadə "Apasport"a müsahibə verib.

- Təlim-məşq toplanışı başa çatdı. Toplanışı necə dəyərləndirirsən?
- 17-18 günlük toplanış oldu. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, hər məşqdə daha da üstün performans göstərməyə çalışdıq. Bu dəfə ötən toplanışdan daha yaxşı alındı. 

- Pakistan yığmasını məğlub etdiniz. Oyun istədiyiniz kimi alındı?
- İlk matçımız idi. Əlimizdən gələni etməyə çalışdıq. Oyunumuza mükəmməl deməzdim. Düşünürəm ki, daha yaxşı olacağıq. Hər kəs buna inansın.

- Heyətdə öz klubunda forma şansı qazanmayan futbolçu çoxdur. Oyun praktikasının azlığı məşqlərdə hiss olunurdu?
- Çox da hiss olunmurdu. Baş məşqçinin istədiyi bir fikir var, hamı da onu etməyə çalışır. Klublarda məşqçilərin istəyi, fikri fərqli ola bilər. Lakin burada birlikdəyik. Heyətimizdə gənc futbolçular çoxdur. Müxtəlif yaş qruplarından oyunçular var. Möhkəm komanda kimi formalaşacağıq.

- Sanki yığmada bitiriciliklə bağlı problem var. Lorenzo Mezzoteronun gəlişi ilə hücum xəttindəki boşluq düzələ bilər?
- Onu görməmişəm. Bu səbəbdən konkret nəsə deyə bilmirəm. Bura ən yaxşılar dəvət alırlar. O da yaxşı olacaqsa, növbəti oyunlara dəvət alacaq. Hamımız görəcəyik. 

- "Qarabağ"da keçirdiyin mövsüm ərzində həm çempionatda, həm də UEFA Gənclər Liqası oyunlara çıxdın. Təkliflərin oldu?
- Ölkə daxilindən təkliflərim var idi. Baş məşqçimiz Qurban Qurbanovla məsləhətləşdik. Onunla danışıqdan sonra "Qarabağ"da qalmaq qərarına gəldim.

Qeyd edək ki, Azərbaycan U-20 millisi toplanış çərçivəsində bir yoxlama matçı keçirib. Komandamız Pakistan yığması ilə qarşılaşıb. Cəbrayılzadənin vurduğu qolla Azərbaycan seçməsi qələbə qazanıb - 1:0.