Könüllərin ÇEMPİONU
21.12.2022 - 15:26
Könüllərin ÇEMPİONU

DÇ-2022-nin 1/4 finalında Avropa və ya Cənubi Amerikanı təmsil etməyən yeganə komanda olan Mərakeş Qətərdə sürprizlərə davam etdi. Mərakeşin Afrika komandaları arasında ilk dəfə dünya çempionatlarının yarımfinalına çıxması tarixdə qalacaq nailiyyətdir! 4-cü yeri tutsa da, əminliklə bu komandanı könüllərin çempionu hesab etmək olar. Mərakeş millisi mundial zamanı milyonların sevgisini qazanmağı bacardı!

DÇ-2022 ərəfəsində Mərakeşdə doğulmuş, bir mundialda 13 qol vurmaqla (1958) rekordçu olan əfsanəvi Just Fontaine haqqında yazım bir neçə ölkədə nəşr olunmuşdu. Həmin yazıda dünya çempionatında məşqçi kimi iştirak etməyin fransalıya nəsib olmadığını, Mərakeşi DÇ-1982-yə çıxara bilmədiyini də qeyd etmişdim. Fontaine bacarmasa da, Walid Regragui ona tapşırılan işi Qətərdə uğurla yerinə yetirdi.

Mərakeş yalnız 46 il əvvəl Afrika çempionu olub, dünya çempionatlarında qrup mərhələsini bundan əvvəl yalnız bircə dəfə adlamışdı. Yaxşı yadımdadır, Fransa-1998-də Braziliyanın Norveçə 1:2 uduzaraq Mərakeşi qrupda saxlamasına çox məyus olmuşdum.
İndi də Mərakeşdən gözləntilər böyük deyildi. Əlbəttə, “Sevilla”dan qapıçı Bono, “Paris Saint-Germain”dən müdafiəçi Achraf Hakimi və “Chelsea”dən hücumçu Hakim Ziyech kimi futbolçuları yaxşı tanıyırdıq. Amma Mərakeşin komanda şəklində uğurlu çıxışı gözlənilməz oldu. 

Doğrusu, qrup oyunlarından əvvəl proqnozlarımda Mərakeşin Xorvatiya və Kanada ilə 1:1 hesablı heç-heçə edəcəyini, Belçikaya isə 0:2 hesabı ilə məğlub olacağını düşünürdüm. Yalnız Xorvatiya ilə oyunda hesab yox, heç-heçə ehtimalım düz çıxdı, Belçika ilə oyunda isə, ümumiyyətlə, 2:0 hesabı qeydə alınsa da, qələbəni Mərakeş qazandı.

Mərakeş mundialda cəsarətli və güclü rəqiblərdən çəkinməyən komanda təsiri bağışladı. Düzdür, məhsuldarlığı yüksək olmadı – 7 oyuna cəmi 6 qol. Amma vurulan qollar necə də gözəl idi. Təbii ki, onlardan ən baxımlısı və vacibi Youssef En-Nesyrinin Portuqaliya ilə oyunda rekord 2,78 m. hündürlüyə tullanaraq başla fərqlənməsi oldu.

Amma digər tərəfdən, Mərakeş 4 oyunda qapısından top buraxmamaqla bu göstəricidə DÇ-2022-də lider oldu. Həmçinin qapıçı Bono İspaniya ilə penaltilər seriyasında qapısını toxunulmaz saxlayaraq DÇ-2006-da İsveçrə ilə qarşılaşmada eyni uğura imza atmış ukraynalı Aleksandr Şovkovskinin rekordunu təkrarladı.

Mərakeşli azarkeşlər də Qətər mundialına xüsusi rəng qatdılar. Oyunçuların qələbələrini ailələri ilə birlikdə qeyd etmələri necə də gözəldi. Xüsusilə Achraf Hakiminin anası ilə şəkilləri internetin bəzəyidir.

Yeri gəlmişkən, DÇ-2022 zamanı Mərakeşin uğurlarından ruhlanaraq, digər ölkələrin milli komandalarında oynamış/oynayan Mərakeş əsilli futbolçuların siyahısını tərtib edərək sosial şəbəkədə paylaşmışdım. Əgər həmin məşhur oyunçular da Mərakeş millisində çıxış etsə idi, bu komandanın nəticələri necə olardı? 

Digər ölkələrin milli komandalarında çıxış etmiş/edən Mərakeş əsilli tanınmış 10 futbolçu
Marouane Fellaini (Belçika) - 87 oyun, 18 qol (2007-2018)
Nacer Chadli (Belçika) - 66 oyun, 8 qol (2011-)
Tarik Elyounoussi (Norveç) - 60 oyun, 10 qol (2008-)
Ibrahim Afellay (Niderland) - 53 oyun, 7 qol (2007-2016)
Mohamed Elyounoussi (Norveç) - 49 oyun, 9 qol (2014-)
Adil Rami (Fransa) - 36 oyun, 1 qol (2010-2018)
Khalid Boulahrouz (Niderland) - 35 oyun (2004-2012)
Karim Bellarabi (Almaniya) - 11 oyun, 1 qol (2014-2016)
Matteo Guendouzi (Fransa) - 7 oyun, 1 qol (2021-)
Younes Kaboul (Fransa) - 5 oyun, 1 qol (2011)

Brahim Díaz (İspaniya) - 1 oyun, 1 qol (2021-)

Rasim Mövsümzadə
 

0