Messi azarkeşi Şahin Diniyev: “Təxminlərimdə yanılmadım”
19.12.2022 - 16:48
Messi azarkeşi Şahin Diniyev: “Təxminlərimdə yanılmadım”

“Qətərdə keçirilən dünya çempionatı 1978-ci ildən indiyə kimi izlədiyim ən möhtəşəm mundial idi”. 
 
Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Qətərdə keçirilən dünya çempionatını dəyərləndirib. O bildirib ki, mundial payız aylarında keçirildiyi üçün bütün komandalar hazırlıqlı idi: “Dünya çempionatı maraqlı və gözlənilməz nəticələrlə yadda qaldı. Məsələn, Belçika və Almaniyanın qrupda qalması, Səudiyyə Ərəbistanının ilk oyununda Argentinaya qalib gəlməsi, Tunisin Fransa üzərində qələbəsi və ən əsası da heç kimin gözləmədiyi halda Mərakeş millisinin sürprizlərlə zəngin çıxışı məni çox təəccübləndirdi”.
  
Diniyev dünya çempionatında Argentina – Fransa finalına da münasibət bildirib. Onun sözlərinə görə, azarkeşi olduğu cənubi amerikalılar layiqli çempionluq qazanıblar: “Təbii ki, final həyəcanın pik nöqtəsi idi. Ölkəmizdə də Argentina millisinə azarkeşlik edənlər çoxdur. Mən çempionatın ilk günlərindən 5 komandanı kuboku qazanmağa namizəd hesab edirdim ki, onlarda biri də məhz Argentina idi. Portuqaliya, İspaniya, Fransa və Braziliyanı da iddialılar sırasında görürdüm. Messinin oyununu bəyənən bir məşqçi kimi onun əziyyətinin yerdə qalmaması və çox arzuladığı kuboku başı üzərinə qaldıra bilməsi məni çox sevindirir. “Tanqoçular”ın qələbəsinə çox şad oldum. Yeri gəlmişkən, bir iddiam da kubokun Avropaya gəlməyəcəyi idi ki, bu təxminimdə də yanılmadım”. 

O, Lionel Messinin millidəki karyerasını davam etdirmək istəyini də müsbət qarşıladığını deyib: “Messi dünyanın ən yaxşı kimi yığmada oyununa davam etməlidir. Düzdür, çempionluqdan sonra milli ilə vidalaşanlar olur. Ancaq o, bu gün həm klubunda, həm də yığmada ən dəyəli futbolçulardandır. Fiziki cəhətdən hər hansı bir problem yaşamadığı müddətdə Messi milliyə kömək edə bilər”.

Qeyd edək ki mundialın finalında Argentina Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək, tarixində üçüncü dəfə turnirin baş mükafatına sahib olub.
 

0