Rafael Benites: “Liverpul” favoritdir”
28.05.2022 - 15:33
Rafael Benites: “Liverpul” favoritdir”

“Liverpul” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites komandalar arasında bu gün keçiriləcək Çempionlar Liqasının final oyununu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Parisdəki görüş öncəsi hər iki komandanın üstün cəhətlərini sadalayıb.

62 yaşlı çalışdırıcı İngiltərə təmsilçisini favorit hesab edir:

“Statistikaya baxdıqda görürəm ki, “Liverpul” cüzi fərqlə favoritdir. Amma bir amili vurğulamaq lazımdır - finalda oynamağa öyrəşmiş “Real”la qarşılaşacaqlar.

“Liverpul” son illər topa sahib olma faizini artırıb, çünki əla oyunçulara malikdir və komanda oyuna daha çox nəzarət edir. “Real” isə əsasən Vinisyus və ya Rodriqo ilə əks-hücumlar qurur.

Klopp əla iş görür, “qırmızılar”ın zəif cəhətləri azdır. “Real”ın isə üstünlüyü odur ki, Vinisyus cinahda geridən hücuma “açılır”. Əminəm ki, həm Klopp, həm də Ançelottinin bundan xəbəri var. “Real” finalda həmişə “Real”dır. Üstəlik, onlar daha çox dincəldilər. Bu da əlavə üstünlükdür.

Mən hər iki kluba bağlıyam. Daha yaxşı olan qalib gəlsin. Yenə də rəqəmlər “Liverpul”un nisbətən şanslı olduğunu deyir”.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0