Təmsilçilərimiz Gürcüstanda iki medal qazanıb
28.09.2024 - 23:54
Təmsilçilərimiz Gürcüstanda iki medal qazanıb

Gürcüstanın Tbilisi şəhərində qılıncoynatma üzrə "Cadet Circuit" beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz komanda yarışlarında qızıl medal qazanıblar.

Valentina Zeynalova, Fərəh Abasova, Leyla Əhmədova və Züleyxa Sultanlıdan ibarət heyəti bütün rəqiblətinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qılıncoynadanlarımız ilk görüşündə Gürcüstanın 2-ci komandasını 45:20 hesabı ilə məğlub ediblər. 1/2 finalda və həlledici görüşdə müvafiq olaraq Türkiyənin dördüncü və ikinci komandalarına 45:44 hesabı ilə qalib gələn yeniyetmə sablyaçı qızlarımız qızıla sahib çıxıblar.

Oğlan sablyaçıların yarışında isə Abbas Hüseynov gümüş medala layiq görülüb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran yeniyetmə qılıncoynadanımız pley-offda Türkiyə və Ukraynanı təmsil edən idmançılara qalib gələrək finala kimi irəliləməyi bacarıb. Qızıl medal uğurunda keçirilən qarşılaşmada Gürcüstan təmsilçisi Giorgi Uruşadzeyə 7:15 hesabı ilə uduzan Hüseynov ikinci olub.

Qeyd edək ki, sabah yeniyetmə qız sablyaçıların şəxsi və oğlan sablyaçıların komanda yarışları ilə yekun vurulacaq.

0