Cüneyt Biçər 4-cüdür!
07.12.2011 - 14:10
Cüneyt Biçər 4-cüdür!
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər Azərbaycanda 2 klubda çalışan 4-cü əcnəbi oldu. Apasport.az saytının məlumatına görə, bunadək türkiyəli Rasim Kara, gürcü Kaxaber Sxadadze və makedoniyalı Qyoko Hacıyevski ölkəmizdə ayrı-ayrı vaxtlarda 2 komandada çalışıb.

Özü də “cığıraçan” olan Kara “Xəzər Lənkəran”da 2 dəfə işləyib. “Ağ-yaşıllar”ın debüt mövsümünün (2004/05) əvvəlində baş məşqçi postuna keçən 61 yaşlı mütəxəssis sonda “qızıl oyun”da “Neftçi”yə 1:2 hesabı ilə uduzaraq, gümüş medal qazandı. Bu, cənub təmsilçisinin tarixində ilk mükafatdır.

Kara növbəti mövsümün əvvəlində “İnter”ə səfərdə məğlubiyyətdən (0:2) sonra istefaya göndərildi. O, ölkəmizdə 2-ci klubu olan “Qarabağ”a 2007-ci ilin yanvarından 2008-ci ilin avqustuna kimi rəhbərlik etdi. Ağdam təmsilçisi Karanın rəhbərliyi altında çempionatı əvvəlcə 8-ci, sonra 5-ci yerdə bitirdi. 2008/09 mövsümünün startına 1 həftə qalmış “Qarabağ”dan “Xəzər Lənkəran”ın baş məşqçisi postuna qayıdan Kara ilk dövrənin sonuna 1 tur keçmiş komandasına Lənkəranda məğlubiyyətdən sonra (1:3) istefa verərək, ölkəmizdə fəaliyyətini başa vurdu.

Sxadadzenin Azərbaycana gəlişi 2008-ci ilin qışına təsadüf etdi. O, dövrlərarası fasilədə “Karvan”a qayıdan Yunis Hüseynovdan “Standard”ın baş məşqçisi postunu təhvil aldı. Bakı klubu 43 yaşlı çalışdırıcının rəhbərliyi altında 2007/08 mövsümünü 9-cu yerdə bitirdi. “Standard”la növbəti mövsümün ilk dövrəsinə kimi müqaviləsi olan Sxadadze anlaşma bitəndən sonra ölkəmizi tərk etdi. Vətəninə qayıdan gürcü 21 yaşlılardan ibarət yığmasının baş məşqçisi dəvətini qəbul etdi. Ancaq 2009-cu ilin iyununda “İnter”dən gələn dəvət Sxadadzenin Azərbaycana qayıdışı ilə nəticələndi. O, “bankirlər”də debüt mövsümünə çempionluq qazandırdı. Bu, “İnter”in tarixində 2-ci belə uğuru idi. Ancaq ötən mövsüm bunun davamı gəlmədi və bakılılar heç mükafatçılar sırasına düşə bilmədi. 5-ci olan “İnter” avrokuboklardan da kənarda qaldı. Hazırda da komandanı çalışdıran Sxadadze 2-ci yerdə gedərək, lider “Neftçi”dən 2 xal geri qalır.

2007-ci ilin sentyabrında ölkəmizə gələn Hacıyevski “Bakı”da debüt mövsümündə (2007/08) 8-ci oldu. Ancaq paytaxt klubu tarixində ilk əcnəbi çalışdırıcı olan makedoniyalının rəhbərliyi altında növbəti mövsümdə çempion oldu. Sxadadze kimi Hacıyevski də öz komandasını tarixində 2-ci çempionluğa qovuşdurdu. 2009/10 mövsümünün əvvəlində istefa verən Makedoniya yığmasının sabiq çalışdırıcısı Kiprdən gələn dəvəti qəbul etdi.

56 yaşlı mütəxəssis 2010-cu ilin yazında “Simurq”un dəvəti ilə ölkəmizə qayıtdı. Zaqatala təmsilçisində ilk olaraq icraçı-direktor postunu tutan Hacıyevski ukraynalı baş məşqçi Roman Pokora ilə müqaviləni uzadılmayandan sonra onun yerinə keçdi. Ancaq təcrübəli mütəxəssis “Simurq”u çalışdırdığı 2010/11 mövsümündə autsayderlər sırasında qurtara bilmədi və 11-ci yeri tutduğundan, Premyer Liqada yerini qoruya bilmədi. Ancaq zaqatalılar hadisələrin sonrakı axarı nəticəsində I diviziona düşmədi və hazırda 9-cu yerdədir. Hacıyevskinin 2 klubumuzda çalışan həmkarlarından fərqi millimizi də çalışdırmağıdır. O, Şahin Diniyevin istefasından bu vəzifəni müvəqqəti – 4 aylıq icra etdi. Yığmamız Hacıyevskinin rəhbərliyi altında Finlandiya (səfərdə 1:2) və Belçika (evdə 0:1) yığmalarına rəsmi oyunda uduzdu, Qazaxıstanla Türkiyənin Antalya şəhərində keçirilən yoldaşlıq görüşündə qolsuz bərabərliyə qaldı.

Biçər 2009/10 mövsümündə “Bakı”nı həmyerlisi Bülənt Korkmaz çalışdırdığı vaxtda gələrək, klubda uşaq futbolunda koordinator kimi çalışırdı. Korkmaz 2010-cu yazında “altılıq”da “Neftçi” ilə oyundan sonra vəzifəsindən getməyi nəticəsində baş məşqçi postu tapşırılan Biçər etimadı doğrultdu. Belə ki, “Bakı” həmin mövsüm çempionatın gümüş medalını və ölkə kubokunu qazandı. Həlledici matçlarda məhz “Xəzər Lənkəran”a – çempionatın son turunda və ölkə kubokunun finalında qalib gəlməklə, onu titulsuz qoyan Biçər mövsüm bitəndən sonra vətəninə qayıtdı. 1 il sonra “Xəzər Lənkəran”ın dəvəti ilə ölkəmizə qayıdan 36 yaşlı çalışdırıcı uşaq futbolunun koordinatoru kimi çalışdı və rumıniyalı Mirça Rednikin istefaya göndərilməyindən sonra baş məşqçi postuna gətirildi. O, növbəti turda dekabrın 10-da “Qarabağ”la ev oyunu ilə debüt edəcək.

Göründüyü kimi, iki komandamızda işləyən məşqçilər titul qazanıblar. Sxadadze ilə Hacıyevski çempionluq, Biçər kubok qazanıb. Karanın da gümüş medalını nəzərə alsaq, hamısının sonda mükafatçı olmağı diqqət çəkir.

Qeyd edək ki, Biçər Karadan sonra “Xəzər Lənkəran”ın tarixində 2-ci türkiyəli baş məşqçi oldu. Komandanı 2005/06 mövsümünün ilk dövrəsində son 3 oyunda Şenol Fidan çalışdırsa da, həmin türkiyəli çalışdırıcı baş məşqçi əvəzi olub.

Mehman SÜLEYMANOV
0