Honq konqluların intiqam üsulu: Ananaslı pizza
01.08.2024 - 15:35
Honq konqluların intiqam üsulu: Ananaslı pizza

İyulun 30-da kişilərin fərdi qılıncoynatma yarışının finalında italyan Flippo Maçhi honq konqlu Çenq Ka Lonqla üz-üzə gəldi. İtaliya təmsilçisi 14:12 hesabı ilə öndəydi və son Olimpiya çempionunu məğlub etmək üçün cəmi 1 xal lazım idi.

Çenq hesabı bərabərləşdirdi və qazanılacaq növbəti xal Olimpiya çempionluğunu gətirirdi. Düz 3 dəfə İtaliya tərəfi qızıl medalı qazandıqlarını düşünüb sevindi, lakin hər dəfə hakimlər videotəkrara baxıb fərqli qərar təyin etdilər.

Nəhayət, hər iki tərəfin də xal gözlədiyi hücumların ardından hakimlər hücum üstünlüyünün Çenqdə olduğuna qərar verdi. Görüş 15:14 hesabı ilə başa çatdı və qızıl medal Honq Konqun aktivinə yazıldı. İtalyanlar bu qərar qarşısında çox əsəbiləşdilər, məşqçi Stefano Serioni hakimlərin üzərinə yeridi.

İtaliyanın eskrim idman növləri üzrə federasiyası məsələ ilə bağlı açıqlama verdi:

“Oyunun əsl qalibi Filippo Maçhi idi, layiq olduğu qızıl medal əlindən alındı”.

İtaliya Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo isə hakimlərin asiyalı olmasını xüsusilə vurğuladı. 

İtaliyalı azarkeşlər Çenqin sosial media hesablarına hücuma keçdilər. Honq konqlular da öz növbələrində italyanları əsəbiləşdirmək üçün onların milli yeməkləri pizzanın üzərinə ananas qoyduqları şəkilləri paylaşmağa başladılar. 

Mövzu o qədər böyüdü ki, “Pizza Hut” qızıl medalı qeyd etmək üçün Honq Konq və Makaoda iki gün ərzində pizzalarına ananas əlavə etdirmək istəyənlərdən ödəniş tələb etməyəcəyini açıqladı. 
 

0