Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"
14.10.2024 - 19:17
Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"

Azərbaycanın əsas millisinin keçmiş üzvü Elvin Məmmədov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası Estoniyaya məğlub oldu. Səncə, millimizin məğlubiyyətində əsas səbəb nə və yaxud kim idi? 
- Biz Estoniya ilə görüşə yaxşı başlamışdıq. İlk 30 dəqiqədə qol epizodlarımız var idi. Onlar dəyərləndirsəydik, hətta böyükhesablı qələbəmiz də qeydə alınardı. Ancaq epizodları dəyərləndirə bilmədik. Yenə də bu epizodları dəyərləndirmək üçün ustalıq lazım idi. Çox təəssüflər olsun. Millimizə estonlarla matçda nə çatışmadığınının səbəblərini məşqçilər korpusu tapacaq. 

- Millimiz tez-tez əvvəlki dövrlərin milliləri ilə müqayisə olunur. Ki, əvvəl milli ruh var idi, indi yoxdur. Razısan? Əvvəlki və indiki millilər arasında hansı fərq var? 
- Bu barədə çox danışılır. Birmənalı qarşılayanlar da var. Haqlı olanlar da olur. Bunu isə siz jurnalistlər və azarkeşlər dəyərləndirsələr, daha yaxşı olardı. Düz qeyd edirsiz, hazırda futbolçu qıtlığı var. Bizim vaxtımızda milli komandamıza seçim daha çox idi. Buna əlac tapmaq lazımdır. Hər kəsdə inkişaf gedir, kimlər bu barədə yaxşı mənada əlini daşın altına qoymalıdır. 

- Fernandu Santuşun baş məşqçi postuna təyinatı çox müzakirə olundu. Necə düşünürsən, Santuş milli komandamıza uğur qazandıracaq? 
- Milli komanda elə yerdir ki, hər kəs səndən nəticə gözləyir. Bu hər yerdə belədir. Məsuliyyəti də çox böyükdür. Ümid edirəm ki, Fernandu Santuş milli komandamıza uğur qazandıracaq.

- Azərbaycan millisi artıq qrupda hər üç görüşü uduzub. İki gündən sonra milli Slovakiya ilə qarşılaşacaq. Səncə, həmin görüşdə millimizin qələbəsi mümkündü, realdır?
- Milli komandamıza ev oyununda uğurlar arzu edirəm. Allah qoysa, xalqımızı uğurlu nəticələrlə sevindirəcəklər. Milli komandamıza evdəki oyunda inanıram. Təbii ki, azarkeşlərin sayəsində uğurlu nəticənin olacağına inanıram. 

- Bəs, tarixinin ən yaxşı futbolçularının millidə olması fikri ilə razısan? Ən potensiallı uşaqların indiki millidə olduğu fikirləri səsləndirilir. Bu fikirlə razısan? 
- Bəlkə də, onların Azərbaycandan kənarda oynamaqları buna dəlildir. Ona görə də azarkeşlər bunu deyir. Bəs yaxşı, o zaman milli komandamızın uğur qazanmasına nə mane olur? Mənim də sualım budur. 

- Üzücü məqam odur ki, uduzan tək A milli deyil, aşağı yaş qrupları yığmalarımız da pis durumdadır. Demək olar ki, futbolumuzun yenilənməyə ehtiyacı var? Çıxış yolunu nədə görürsən?
- Əslində, ən birinci sual bu olmalıdır. Aşağı yaş qrupları bərbad durumdadır. Mən sizə deyim, həm U-19, həm də U-21 yığmalarından bir nəfər yoxdur ki, A milliyə çağırıb heyətdə oynadasan. O da milli komandada nəticədə pay sahibi olsun. Mənim və adi azarkeşin fikri nəyi dəyişdirəcək? Yenə də deyirəm, kimlərsə əlini daşın altına qoymalı, nəyi yanlış edirik, nəyi düzgün edirik, təhlil etməlidir. Vaxt gedir. Biz bunun hələ də fərqində deyilik.

0