Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə
14.10.2024 - 14:18
Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi UEFA Millətlər Liqasında artıq 3 oyunu uduzub. Bu gün Slovakiya önünə çıxacaq yığma komandamız 3 gün əvvəl Estoniyaya uduzub. Həmin görüşdəki məğlubiyyəti nə ilə əlaqələndirirsən? 

- Millimiz son oyunlara yaxşı, aktiv başlasa da, oyunun gedişində problemlər üzə çıxır. Neçə oyundur ki, hücumda əlverişli epizodları qollara çevirə bilməmələri və müdafiədə uşaq səhvlərindən qollar buraxmaqla komandamız uduzur. Ən azından müdafiədə olan boşluqları aradan qaldırmasalar, yaxşı nəticələrə ümid etmək çox çətindir. 

- Razısan ki, indiki millimizdə milli ruh çatışmır? Hansı ki, sizin vaxtınızda komandada daha çox hiss olunurdu.... 
- Müqayisələr həmişə olacaq. Bu fikirlərlə razıyam. Əvvəl milli komandada milli ruh daha yüksək səviyyədə idi. Əvvəl futbolçular futbolsevərlər üçün oynayırdılar. İnsanlar futbola baxmağa maraqlı idi, millimizdə tanınmış simalar, adlar var idi. Balaca futbolçuların kumirləri millimizin oyunçuları idi. İndiyədək keçmiş milli futbolçuların adlarını xatırlayırlar. Hazırda isə millimizin futbolçuları sanki yaddan çıxarıblar ki, onlara azarkeşlər baxır. “Qarabağ”ın Avropada uğurları olmasaydı, düşünürəm ki, millinin oyunlarına heç azarkeş də gəlməyəcəkdi. Əvvəl millimizin oyunları Azərbaycan futboluna maraq gətirirdi. Hamı da millimizin oyunlarını gözləyirdi. İndi isə vəziyyət tamam fərqlidir.

- Görünən odur ki, vəziyyət daha da pisləşir. Ötən il udduğumuz Estoniyaya artıq uduzuruq... 
- Nəticələrə baxanda, belə deməyə məcburuq. Amma adam buna inanmaq istəmir. Azərbaycan futbolunun problemlərini hamı bilir - adi azarkeşlərdən tutmuş, jurnalistlər, futbol funksionerlərinə qədər. Problemlərdən hamı hər gün danışır və  müzakirə edirlər. Problemləri sayırıq, bir-birinin üstünə atırıq və günahkar axtarırıq. Maraqlı sual ortaya çıxır, bəs bu problemləri kim aradan qaldıracaq və na vaxt bu prosses başlayacaq?  Bu işi başlamaq üçün birlik olmaq lazımdır. 

- Onda Fernandu Santuşun da millimizə uğur qazandırması mümkün olmayacaq, yoxsa ona inanırsan? 

- Mən həmişə millidə yerli məşqçinin olmasını istəmişəm. Yenə belə düşünürəm. Çünki əcnəbi mütəxəssis gətirmək üçün onun əlində material olmalıdır ki, ondan nəsə tələb edəsən. Fernandu Santuşun peşakar və yaxşı məşqçi olmasına şübhəm yoxdur. O, dünya səviyyəli məşqçidir. Amma Santuşun yanına, Xosep Qvardiola və Joze Mourinyonu da birlikdə təyin etsək, yenə xeyri olmayacaq. Çünki nəticə verəcək səviyyəli futbolçularımız yoxdur. Ona görə, mən düşünürəm ki, bu dönəmdə millimiz üçün yerli mütəxəssis daha uyğun olardı.

- Tarixin ən yaxşı futbolçularının indiki millidə olması fikri ilə necə, razısan? 
- Millimizdə yaxşı futbolçular var, amma tarixinin ən yaxşıları deməzdim. Bu millinin ən yaxşı futbolçuları 2-3 nəfər istisna olmaqla, hazırda millidədir. Amma bu milli tarixinin ən yaxşısı olması fikirləri ilə qəti şəkildə razı deyiləm.

- Məğlubiyyətləri sıralayan tək yığmamız əsas milli deyil. Aşağı yaş qruplarında yığmalarımız uduzur. Çıxış yolunu nədə görürsən? 
- Millimizin aşağı yaş qruplarında işləyən məşqçilərin təcrübə və savadından şübhəm yoxdur. Hamısı çox yaxşı məşqçilərdir. Burda bildiyimiz problemlərdən biri ortaya çıxır. Uşaq futbolumuz bərbad gündədir. 3-4 klubdan başqa hamı uşaq futboluna həvəskər kimi yanaşır. Millinin məşqçiləri üçünda material yoxdur. Çünki bizim aşağı yaş çempionatlarında uşaqlar ikişaf etmir. Çox sadə, futbolda ən vacib olan uşaqların oynadıqları meydançalara baxın, sonra gəlin perspektivlərdən və çıxış yolundan danışaq.

0