[b]"Xəzər Lənkəran"ın əsas komandası fəaliyyətini dayandırdı[/b]
27.05.2016 - 16:20
[b]"Xəzər Lənkəran"ın əsas komandası fəaliyyətini dayandırdı[/b]

“Xəzər Lənkəran” Futbol Klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə iclas keçirilib. Apasport.az-ın “ağ-yaşıllar”ın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcud olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

 

İclasın yekununda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək.

 

Növbəti mövsüm üçün “Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

 

Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” klubu öz adını və brendini qorumaq niyyətindədi və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

 

Qeyd edək ki, 2004-cü ildə yaradılan "Xəzər Lənkəran" 2006-2007 mövsümündə Azərbaycan çempionu, 2006-2007, 2007-2008 və 2010-2011 mövsümlərində ölkə kuboku, 2013-cü ildə Superkubok, 2008-ci ildə isə "Birlik Kuboku"nun qalibi adını qazanıb. 

 

0