[b]Barometr, yoxsa Superkubok? - LAYİHƏ[/b]
30.07.2016 - 13:35
[b]Barometr, yoxsa Superkubok? - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan sonuncusu Superkubok yarışına həsr olunub. Ölkəmizdə heç cür doğmalaşmayan bu yarış yalnız 4 dəfə qalibini tapıb. Bu da cəmi 3 qarşılaşmanın keçirilməsi ilə mümkün olub.

 

Futbolun tapıntısı

 

Azərbaycan Superkuboku barədə danışmazdan öncə yarışın tarixinə, dünya praktikasına qısa nəzər salmaq maraqlı olardı. Əslində futbol tarixçiləri hələ də Superkubok ideyasının haradan və necə yarandığı məsələsində vahid fikrə gələ bilmirlər. Amma bir fakt faktlığında qalır ki, bu yarış məhz futbolda yaranıb. Ölkə çempionu və kubokun qalibi arasında görüşün keçirilməsi bu idman növündə dəbə düşüb. İki nüfuzlu turnirin qalibi arasında belə matçın keçirilməsi sonradan daha geniş vüsət alıb. Konfederasiyalar müxtəlif qitə miqyaslı turnirlərin qalibləri arasında da Superkubok keçirməyə başlayıb. Hətta digər komanda idman növləri – basketbol, voleybol, həndbol və başqaları da futboldakı bu təcrübədən yararlanıb.

 

“Şerif kuboku”nun davamçısı

 

Bəziləri bu fikri qəbul etməsə də, Superkubok “London Şerifinin kuboku” turnirinin davamçısıdı. 1898/99 mövsümündə peşəkar və həvəskarlar arasında çempionlar həmin kubokun qalibini müəyyənləşdirmişdi. 1908-ci ildən isə ilk iki liqa qalibi İngiltərə Superkuboku uğrunda mübarizə apardı. Həmin vaxt “Mançester Yunayted” “Kuins Park Reyncers”i təkrar oyunda məğlub etdi – 1:1, 4:0.

 

Uğrunda ölməyə dəymədiyi kubok

 

Müxtəlif adlarla və formatlarla keçirilən Superkubok 100 ildən artıq müddətdə təkmilləşməkdə davam edib və sonda indiki vəziyyətini alıb. Əksər ölkələrdə çempion və kubokun qalibi yeni mövsümün ilk matçında – çempionat öncəsi üz-üzə gəlir. Düzdü, bir komandanın dubl etdiyi vaxt atılan addımlar fərqli olur. Bəzi ölkələrdə çempion gümüş mükafatçı ilə qarşılaşır, bəzilərində isə kubokun finalçısı revanş şansı qazanır. Amma elə hallar olur ki, Superkuboku dubl müəllifinə təqdim edirlər. Amma bütün bunlara baxmayaraq, turnir heç vaxt çempionat və kubok səviyyəsində əhəmiyyət kəsb etməyib. Bunu sonuncuların heç də az qələbə qazanmaması, klubların bəzən eksperiment aparması da təsdiqləyir. Əfsanəvi Aleks Ferqyusonun ifadəsi isə Superkuboka damğa kimi yapışıb: “Bu elə bir matçdı ki, biz heç vaxt qələbə üçün ölməyə çalışmayacağıq. Superkubokdan komandanın fiziki hazırlığını yoxlayan barometr kimi istifadə edirik”.

 

“Super” sözünün qorxusu

 

Azərbaycan futbolu üçün isə Superkubok 1977-ci ildən mövcud olub. Ölkəmizin tərkibində olduğu və klublarımızın da daxili yarışlarında iştirak etdiyi SSRİ-də belə turnir məhz 39 il öncə start götürüb. Düzdü, təmsilçilərimiz heç vaxt həmin matçın iştirakçısı olmayıb. Lakin iddiasız olsalar da, çempionluq və kubok uğrunda mübarizə aparan təmsilçilərimiz nəzəri cəhətdən Superkuboka qatılmaq şansına malik olublar. “Komsomolskaya Pravda” qəzetinin təsis etdiyi turnir isə heç Superkubok da adlanmayıb. Bütün dünyanın qəbul etdiyi “Super” sözündən sanki çəkinənlər yarışın adını “Mövsümün kuboku” qoyublar. Bu turnir də heç də həmişə baş tutmayıb. Nəticədə SSRİ-nin son 15 ilində cəmi 7 belə matç keçirilib. Kiyev “Dinamo”su isə daha çox – 3 dəfə onun qalibi olub.

 

Sumqayıtda başlayan yol

 

Həm ittifaq, həm Avropa Superkubokunu kənardan izləmək məcburiyyətində olan Azərbaycan futbolçuları müstəqillikdən sonra bu yarışda debüt etmək imkanı qazandı. Amma elə ölkəmizdə də SSRİ-də yaşananlar diqqət çəkir. Orada olduğu kimi, bizdə də yarış qəzetin təşəbbüsü ilə baş tutdu və elə eyni taleyi yaşayıb, heç kimə lazım olmadı. 24 ildə 4 qalibin müəyyənləşməsi də bundan xəbər verir. 1992-ci il mövsümünün ardından “Səhər” qəzetinin Superkuboku təsis olundu. Növbəti mövsüm də bu matçla start götürdü. Ölkə çempionu “Neftçi” kubokun qalibi “İnşaatçı”nı 4:1 hesabı ilə darmadağın etdi. İlk Superkubok, bu turnirdə ilk qol, ilk dubl, ilk böyükhesablı nəticə, “ağ-qaralar”a təqdim olunan mükafat yarışa gələcək vəd edirdi. Təəssüf ki, belə olmadı. “Neftçi” isə tarixə Superkubokun ilk qalibi kimi düşdü. Bu turnir isə çempion və kubok qalibinin ilk və son dueli kimi yaddaşlarda qaldı.

 

“Neftçi” – “İnşaatçı” - 4:1

21 fevral 1993. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1000 tamaşaçı

Baş hakim: Rüstəm Rəhimov

Baş hakimin köməkçiləri: Nüvər Xasıyev, Orucəli Durmuşov

Sarı vərəqələr: Yunis Hüseynov, Veys Əlsəgərov, Zöhrab Qədiyev

Qollar: Samir Ələkbərov, 19, 87, Nurəli Əsədov, 35, Mayis Əzimov, 40 – İlham Əliyev, 18

“Neftçi”: 1. Etibar Şükürov, 2. Zaur Babayev, 3. Ramazan Ağayev, 4. Arif Əsədov, 5. Rasim Abışov, 6. Mayis Əzimov, 7. Yunis Hüseynov, 8. Bəxtiyar Musayev, 9. Ərani Beydiyev, 10. Nurəli Əsədov, 11. Samir Ələkbərov (k)

Baş məşqçi:  Sergey Kramarenko

“İnşaatçı”: 1. Faiq Əzizov, 2. Aydın Ələkbərov, 3. Yadigar Rəhimov (13. Abuzər İbrahimov, 60), 4. Veys Ələsgərov, 5. Zöhrab Qədiyev (k), 6. Nəsimi Nuriyev, 7. İlham Əliyev, 8. Seyran Hüseynov (14. Munis Abdullayev, 55), 9. Fikrət Hüseynov, 10. Şahin Cəfərov, 11. İntiqam Rəhimov

Baş məşqçi: Məmmədəli Məmmədov

 

“Qarabağ”dan het-trik

 

1993-cü il mövsümü qısa müddətdə keçirildi ki, bu da “yaz-payız” sistemindən “payız-yay”a keçməklə bağlı idi. Sıx təqvim, çempionatın gedişində yarışın qısa müddətə dayanması və digər şərtlər Superkubokun keçirilməməsi üçün şərait yaratmışdı. “Qarabağ”ın həm çempion olub, həm kuboku qazanması isə lap göydəndüşmə oldu. Təşkilatçılar heç bir oyun keçirmədən Superkuboku da ağdamlılara təqdim etdilər. “Qızıl dubl” müəllifi olan əyalət klubu “het-trik”i rəsmiləşdirdi. Dünyanın bəlkə də barmaqla sayılacaq Superkuboklarından biri oldu ki, mükafatın sahibi oyunsuz müəyyənləşdi. Əslində həm finalçı “İnşaatçı” (Sabirabad), həm də gümüş mükafatçı “Xəzər”lə (Sumqayıt) “Qarabağ”ın görüşünü təşkil etmək olardı. Təbii ki, həmin vaxt çox güclü olan Ağdam klubunun bu matçda qələbə qazanmaq ehtimalı həddən artıq böyük idi. Komanda da layiq olduğu Superkuboku meydanda qazanacaq gücdə idi və bu matç azarkeşlərə növbəti sevinc bəxş edəcəkdi. Amma Azərbaycan Superkubpkunda “büdrəmələr” elə bu oyunsuz qalibin müəyyənləşməsi ilə başladı.

 

Baş tutmayan xəyal və yaxınlaşan son

 

Növbəti – 3-cü Superkubok isə ümumiyyətlə, baş tutmadı. 1993/94 mövsümünün çempionu “Turan”la kubokun qalibi “Kəpəz”i bir araya gətirib, gözəl futbol bayramı və Qərb derbisi təşkil etmək alınmadı. Əslində 21 il öncə belə bir matç heç kimin yadına düşmürdü. Ölkə çempionatında haqsızlıqlarla üzləşən “Neftçi” sona 8 tur qalmış yarışda iştirakını dayandırmış, həmfikirlərini də ətrafına toplayıb, alternativ çempionatın təşkilinə başlamışdı. Qarşıda iki paralel çempionatın keçirilmə ehtimalı olduğu vaxtda Superkubok heç kimə lazım deyildi. Amma sonda klublarla AFFA barışıb, növbəti mövsümdə də mübarizəni davam etdirdi. Superkubokun bir ili isə boşa getdi. Bu, artıq turnirin imicinə zərbə idi və sonun yaxınlaşması təhlükəsi uzaqda deyildi.

 

Qapıçıların şousu

 

1995-ci ildə 2-ci dəfə Superkubok oyunu baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan “Kəpəz” bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi “Turan” gəlmişdi. “Neftçi” isə bu dəfə kubokun qalibi kimi meydana çıxırdı.

Matç isə 2 il yarım əvvəlkindən möhtəşəm alındı. Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. Qərblilər penaltidən bərabərlik qolunu vurdusa, “ağ-qaralar” matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu. Ümumiyyətlə, bu seriya Nizami Sadıqovla Rauf Salamovun şousu ilə nəticələndi. Komandalar hərəyə 13 zərbə vurmalı oldu. Bakılılar 5, Tovuz təmsilçisi 6 imkanı qaçırdı. Təbii ki, qapıçıların köməyilə.

 

“Turan” – “Neftçi” – 1:1, pen. 7:8

23 iyul 1995. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 2000 tamaşaçı

Baş hakim: Rövşən Əhmədov

Baş hakimin köməkçiləri: Sabir Hacıyev, Kərim Ağayev

Vərəqələr: yoxdur

Qollar: İlham Məmmədov. 64-p. – Nazim Əliyev, 22

73-cü dəqiqədə Yunis Hüseynov penaltidən yararlana bilməyib.

“Turan”: 1. Nizami Sadıqov, 2. Hüseynqulu Quliyev, 3. Eldar Bədəlov, 4. Azad Mütəllimov (12. Aqil Məmmədov, 21), 5. Sakit Alıyev, 6. Məqsəd Yaqubəliyev, 7. Qoşqar Hacıyev (14. Kamran Əlibabayev, 61), 8. Vidadi Rzayev, 9. İlham Məmmədov (13. Elxan Müslümov, 74), 10. Qurban Qurbanov, 11. Elşən Qəmbərov

Baş məşqçi: Xanoğlan Abbasov

“Neftçi”: 1. Elxan Həsənov (16. Rauf Salamov, 86), 2. Vüqar İsmayılov, 3. Mehman Yunusov, 4. İlham Yadullayev, 5. Mayis Əzimov, 6. Mirbağır İsayev (15. Füzuli Məmmədov, 61), 7. Yunis Hüseynov (k), 8. Yaşar Vahabzadə, 9. Bəxtiyar Musayev, 10. Nazim Əliyev (12. Kamil Bayramov, 35), 11. Vyaçeslav Lıçkin

Baş məşqçi: Vaqif Sadıqov

 

18 illik həsrət

 

Sumqayıtdakı Superkubok zamanı heç kimin ağlına gəlməzdi ki, növbəti belə oyun yalnız 18 ildən sonra keçiriləcək. Amma acı reallıq məhz belə oldu. 2004-cü ilədək, demək olar ki, yarış heç kimin yadına düşmədi. 12 il öncə isə AFFA bu matçı bərpa etmək fikrinə düşdü. 2004/05 mövsümünün sonunda Superkubokun keçirilməsi, matçın Naxçıvanda təşkili gündəmə gəlmişdi. Amma bunun gerçəkləşməsinə 9 il vaxt getdi. Bəzən klubların oynamaq istəməməsinə, bəzən onların hazırlığına qurban verilən matçda o qədər də maraqlı olmayan təşkilatçılar görüşü məcburiyə çevirə bilmədi. Hərçənd çempionu gümüş mükafatçı, kubokun qalibini finalçı ilə əvəz edib, imtina edənə əvəzolunmaz olmadığını da göstərmək mümkün idi. Lakin klublara yumsaq davranış Superkubok həsrətini 2013-cü ilədək sürdürdü. KİV-in də təzyiqi, hər tədbirdə bu mövzudakı sualları 3 il öncə  Naxçıvanda belə görüşün təşkilində rol oynadı. “Qızıl dubl”un müəllifi “Neftçi” kubokun finalında məğlub etdiyi “Xəzər Lənkəran”la üz-üzə gəldi. Azlıqda qalan cənublular son dəqiqədə vurulan qolla özünün son titulunu və ilk Superkubokunu qazandı.

 

“Xəzər Lənkəran” – “Neftçi” – 2:1

23 oktyabr 2013. Saat 15:00. İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu. 9800 tamaşaçı

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev

Dördüncü hakim: Rauf Cabbarov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Xaqani Məmmədov

Sarı vərəqələr: Sadio Tounkara, 26 (qeyri-idman hərəkəti); 64 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 36 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 51 (qeyri-idman hərəkəti); Duqlas Leite, 86 (qeyri-idman hərəkəti); Zohair Benouahi, 87 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 90+6 (qeyri-idman hərəkəti) // Flavio Aleks Valensio, 26 (qeyri-idman hərəkəti); Bahodır Nasimov, 51 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 64 (qeyri-idman hərəkəti); Mahir Şükürov, 87 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 87 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Sadio Tounkara, 64

Qollar: Etame Mbilla, 28; Rasim Ramaldanov, 90 // Karlos Kardoso, 68

Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 6 dəq.

“Xəzər Lənkəran”: 33. Duqlas Leite, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (8. Edu Oriol, 80), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla (22. Deyvid Sakkoni, 90+2), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (42. Kamran Abdullazadə, 71)

Baş məşqçi: Con Toşak    

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso (11. Melvin Platye, 78), 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov (90. Ernest Nfor, 60), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 56), 22. Mahir Şükürov

Məşqçi: Tərlan Əhmədov

 

Qeyri-müəyyənlik

 

Növbəti Superkubok haqda isə düşünməyə dəyməz. Ən azı ona görə ki, bundanə təşkilatçılar, nə də klublar maraqlıdı. Ardıcıl iki mövsüm dubl edən “Qarabağ”ın kubokun finalında məğlub etdiyi “Neftçi” və ya çempionatın gümüş mükafatçısı ilə mümkün dueli də yada düşmədi. Bəlkə də Ferqyusonun dediyi “barometr” bizim komandalara lazım deyil.

 

Vüqar XEYRULLAYEV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

 

0