Azərbaycan Premyer Liqasının XX turunun mərkəzi oyununu Elvin Əsgərov idarə edəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “İnter” qarşılaşması referinin bu mövsüm idarə edəcəyi 3-cü Premyer Liqa görüşü olacaq.
Belə ki, əsasən I divizion oyunlarını idarə edən hakim yüksək liqanın nadir qonaqlarındadı. O, yalnız XVI və XVIII turlarda elitada fit çalıb.
Maraqlıdı ki, hər iki görüşdə 1 qol vurulub. Yəni oyunların taleyini bir top həll edir. Öncə “Zirə” öz meydanında “Kəpəz”in, sonra isə “İnter” səfərdə AZAL-ın qapısından həlledici qolu keçirib.
“İnter”ə 1 sarı vərəqə verən referi Fuad Bayramovu cəzalandırıb. Bakılıların rəqibi isə 2 xəbərdarlıq alıb. Ümumilikdə isə Əsgərov 14 vərəqə göstərib. Meydan sahibləri 7 dəfə cəzalanıb. Qonaq komandalar isə 6 sarı alıb ki, onlardan ikisi birləşərək qırmızıya çevrilib.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu sabah keçiriləcək.