Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə iştirak edəcək 44 komanda 11 qrupa bölünüb.
Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız İngiltərə, İslandiya və Moldova ilə mübarizə aparacaq.
Bu mərhələnin matçları 2018-ci il avqustun 1-dən oktyabrın 28-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar və üçüncülər arasında daha yaxşı nəticəyə malik 2 komanda elit-raunda yüksələcək. Almaniya və İspaniya yarışa birbaşa həmin mərhələdən başlayacaq.
Qeyd edək ki, AVRO-2019-un final mərhələsi Bolqarıstanda keçiriləcək.