Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 29 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Danimarka yığması haqqındadı.
Danimarkanın təsnifat mərhələsindəki çıxışına nəzər salsaq, komandanın yüksələn trendlə irəlilədiyinin şahidi olarıq. İlk başda baş məşqçi Oqe Hareydenin fikirlərini mənimsəməkdə çətinlik çəkən komanda sonda 5:1 hesablı darmadağınla Rusiyaya “bilet” qazandı. Ola bilər, indiki generasiyanı 1986-cı ilin “dinamit”i və ya 1998-ci ildə 1/4 final görən milli ilə müqayisə eləmək o qədər də düzgün olmaz, ancaq ən azından, heyətdə digər bütün yığmaların çəkindiyi və hörmət etdiyi Kristian Eriksen kimi bir oyunçu var. Skandinaviyanın ən uğurlu komandası üçün optimizmə həmişə yer var.
DÇ-2018-ə aparan yol: Həlledici məqamlar
2016-cı il, oktyabr
Əvvəlcə səfərdə Polşa, üç gün sonra isə doğma meydanda Monteneqro ilə oyunlarda alınan minimal hesablı məğlubiyyətlər komandaya dair ümidləri azaltmışdı.
2017-ci il, sentyabr
Polşa üzərində qazanılan 4:0 hesablı qələbə sayəsində komanda yekun etap öncəsi yenidən ümidlənir.
2017-ci il, oktyabr
Monteneqro qarşısında Kristian Eriksenin vurduğu qol skandinaviyalılara “həyat” verir.
2017-ci il, noyabr
E qrupunu Polşanın ardından ikinci sırada tamamlayan Danimarkanın pley-off mərhələsindəki rəqibi İrlandiya olur. Doğma meydanda oynanılan ilk görüş qolsuz bərabərliklə başa çatsa da, səfərdə oynanılan cavab matçında - Kristian Eriksenin het-trik edərək, ulduzlaşdığı oyunda rəqibini 5:1 hesabı ilə darmadağın edən Danimarka mundiala vəsiqəni təmin edir.
Dünya çempionatına hazırlıq
Danimarka yığması mundiala hazırlıq məqsədilə 4 yoldaşlıq görüşü planlaşdırmışdı. Bunlardan artıq ikisi geridə qalıb. Panamanı 1:0 hesabı ilə məğlub edən Oqe Hareydenin yetirmələri Çili ilə qolsuz bərabərliyə razı olublar. Danimarka iyunun 2-də İsveçlə, 9-da isə Meksika ilə qarşılaşacaq.
Dünya çempionatında
Danimarka yığması mundialda Fransa, Avstraliya və Peru milliləri ilə birlikdə C qrupunda mübarizə aparacaq. Danimarka ilk görüşünü Peruya qarşı keçirəcək. Skandinaviyalıların növbəti oyunu qrupun favoriti Fransa millisi ilə olacaq. Nəhayət, Danimarka qrup mərhələsinə Avstraliya ilə oynanılacaq görüşlə yekun vuracaq.
Baş məşqçi
Oqe Hareyde: 23.09.1953 (64 yaş)
2015-ci ilin 10 oktyabrında Oqe Hareydenin Danimarka millisinin baş məşqçisi postunda Morten Olseni əvəzləyəcəyi dəqiqləşdi. O, yeni işinin icrasına 2016-cı ilin 1 martından etibarən başladı. 64 yaşlı mütəxəssisin rəhbərliyi altında 21 matça çıxan Danimarka 11 oyundan qalib ayrılıb, 3 matçda heç-heçə qeydə alınıb, 7 görüşdə isə skandinavlar meydanı başıaşağı tərk ediblər. Hareyde “Rusenburq”la Norveç, “Malmö” və “Helsinqborq”la İsveç, “Bröndbü” ilə isə Danimarka çempionatının qalibi adını qazanıb.
Danimarka
FİFA sıralaması: 12-ci yer
Dünya çempionatlarında iştirak sayı: 4 (1986, 1998, 2002, 2010)
Dünya çempionatlarında oyun sayı: 16 (8 qələbə, 2 heç-heçə, 6 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 27-24
Ən yaxşı nəticə: 1/4 final (1998)
Dünya çempionatlarında ən çox oyun keçirən danimarkalı futbolçu: Martin Yorgensen – 12 oyun (1998, 2002, 2010)
Dünya çempionatlarında ən çox qol vuran danimarkalı futbolçu: Yon Dal Tomasson – 5 qol (2002 (4), 2010 (1) )
Dünya çempionatı
Qrup mərhələsi
C qrupu
16 iyun
20:00. Peru-Danimarka
“Mordovia Arena”, Saransk
21 iyun
16:00. Danimarka – Avstraliya
“Samara Arena”, Samara
26 iyun
18:00. Danimarka – Fransa
“Lujniki”, Moskva
İlkin heyət
Qapıçılar: Kasper Şmeyxel (“Lester”, İngiltərə), Frederik Ronnou (“Brondbü”), Yonas Lössl (“Haddersfild”, İngiltərə), Yesper Hansen (“Midtyulland”);
Müdafiəçilər: Simon Kyaer (“Sevilya”, İspaniya), Riza Durmisi (“Betis”, İspaniya), Peter Ankersen, Nikolai Boilesen (hər ikisi “Kopenhagen”), Matias Yorgensen (“Haddersfild”, İngiltərə), Yens Striger Larsen (“Udineze”, İtaliya), Yonas Knudsen (“İpsviç”, İngiltərə), Andreas Byelland, Henrik Dalsqaard (hər ikisi “Brentford”, İngiltərə), Yannik Vesterqaard (“Borussiya”, Mönhenqladbax, Almaniya), Andreas Kristensen (“Çelsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Villiam Kvist, Robert Skov (hər ikisi “Kopenhagen”), Kristian Eriksen (“Tottenhem”, İngiltərə), Lasse Şöne (“Ayaks”, Hollandiya), Tomas Delani (“Verder”, Almaniya), Pione Sisto, Daniel Vass (hər ikisi “Selta”, İspaniya), Mike Yensen (“Rusenborq”, Norveç), Lukas Lerager (“Bordo”, Fransa), Mikael Kron-Dehli (“Deportivo”, İspaniya), Pyerr-Emile Hoybyerq (“Sauthempton”, İngiltərə), Matias Yensen (“Nordsyelland”);
Hücumçular: Niklas Bendtner (“Rusenborq”, Norveç), Nikolai Yorgensen (“Feyenoord”, Hollandiya), Yussuf Poulsen (“Leyptsiq”, Almaniya), Andreas Kornelius (“Atalanta”, İtaliya”), Martin Braytvayt (“Bordo”, Fransa), Viktor Fişer (“Kopenhagen”), Kasper Dolberq (“Ayaks”, Hollandiya), Kennet Zohore (“Kardiff Siti”, Uels).