Mahir Şükürov “Karvan”a qiymət verdi
04.11.2008 - 16:48
Mahir Şükürov “Karvan”a qiymət verdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Keçmiş komandam kimi, “Karvan”a böyük hörmətim var. Ancaq peşəkar futbolçu oynadığı klubun uğuru üçün çalışmalıdır”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “Olimpik” klubunun futbolçusu Mahir Şükürov deyib.

“Karvan”la Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin ilk oyununda (1:0) qələbə topunun müəllifi olan 26 yaşlı müdafiəçi üçün sabah Yevlaxdakı cavab görüşü prinsipial əhəmiyyət kəsb edəcək. O, keçmiş komandasının öz meydanında uğurla çıxış etməsini təsadüfi saymır: “Burda stadiona gələn azarkeşlərin böyük rolu var. “Karvan”ın cari mövsümdə yaxşı çıxışı tərəfdarlarının oyuna çox gəlməsinə səbəb olub. Bu mənada bizə də çılğın azarkeş dəstəyi altında oynamaq çətin olacaq. Açığı, mən oynadığım vaxtda “Karvan” indikindən qat-qat güclü idi. Bunu ilk növbədə baş məşqçi Yunis Hüseynovun oyunçularla bağlı seçim imkanının geniş olması ilə əlaqələndirərdim”.

Yevlaxlı azarkeşlər qarşısında oynamağa hazır olduğunu deyən Şükürov “Olimpik”ə keçəndən sonra qolları sıralayır. Yeni komandasında debüt matçında qol hesabını açan futbolçu kubokda da fərqlənib: “Bunu mövqe dəyişikliyi ilə izah edərdim. Mən yığmada və buna qədər şərəfini qoruduğum klublardan “Xəzər-Lənkəran”, “İnter”, “Neftçi”də müdafiənin sağ cinahında yer aldığım üçün qabağa çox gedə bilmirdim. Ancaq “Olimpik”də sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadığımdan, hücuma qoşulmaq imkanım artıb və bunun da nəticəsi qol vurmaqdır. Necə deyərlər, ayağım açılıb”.

Ölkə kubokunda uğurlu çıxış etməyi qarşısına məqsəd qoyan Şükürov “Karvan” səddini keçmələrinə real baxır. O, Yevlaxdan lazımı nəticə ilə dönə biləcəklərinə böyük inam bəsləyir: “İlk oyundan sonra üstünlük qazansaq da, Yevlaxda bizi çətin sınaq gözləyir. Şanslar bərabər sayıram. Bu dəfə səfərdə çıxış edəcəyimizdən, taktika dəyişəcək. Yəni, çox da qabağa atılmayaraq, öz şansımızı gözləyəcəyik. Yevlaxda sərfəli nəticəyə oynayacağıq. Kubokda sonadək uğurla çıxış etmək fikrindəyik”.
0