Ceyhun Məmmədov Beynəlxalq Sambo Federasiyası rəhbərliyindən kənarlaşdırıldı
09.11.2009 - 12:07
Ceyhun Məmmədov Beynəlxalq Sambo Federasiyası rəhbərliyindən kənarlaşdırıldı
Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) İcraiyyə Komitəsi üzvlüyündən kənarlaşdırılıb. Bu haqda Lent.az-a 7 qat dünya çempionunun özü məlumat verib.

Onun sözlərinə görə, Yunanıstanın Saloniki şəhərində keçirilmiş FİAS-ın hesabat-seçki konqresinə gecikdiyi üçün namizədliyini yenidən irəli sürə bilməyib: “Konqres noyabrın 4-də yerli vaxtla saat 15:00-da keçirilməli idi. Lakin həmin vaxta uyğun təyyarə reysi olmadığı üçün iclasda iştirak edə bilmədim. İclasa qatılsaydım, namizədliyimi yenidən irəli sürəcəkdim. Amma biz Salonikiyə çatanda, toplantı artıq başa çatmış və yeni prezidentlə İcraiyyə Komitəsinin üzvləri seçilmişdi”.

Konqresdə FİAS-ın yeni prezidenti postuna Rusiya Dumasının deputatı Vasili Şestakov seçilib. Qurumun keçmiş prezidenti David Rudman (ABŞ) bu dəfə Andrey Klyamko (Rusiya) ilə birgə I vitse-prezident olub. Baş katib postunu isə Nikolay Lents (Rusiya) tutub.

Qeyd edək ki, Ceyhun Məmmədov Avropa Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir.
0