Beynəlxalq Olimpiya Komitəsi rəhbərliyində istefa
21.02.2012 - 18:09
Beynəlxalq Olimpiya Komitəsi rəhbərliyində istefa
Beynəlxalq olimpiya hərəkatının məşhur siması və uzun müddət İtaliya idmanına rəhbərlik etmiş Mario Peskante Beynəlxalq Olimpiya Komitəsinin (İOC) vitse-prezidenti postundan getmək qərarına gəlib. Lent.az-ın məlumatına görə, bu barədə 74 yaşlı idman xadimi jurnalistlərə açıqlama verib.

Peskante artıq qərarı ilə bağlı İOC prezidenti Jak Roqqeyə yazılı məlumat verdiyi və məsələyə qurumun 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı keçirəcəyi növbəti iclasında baxılacağını bildirib.

İtaliyanın İOC-da vitse-prezident postunu tutmuş ilk nümayəndəsi istefasının konkret səbəbini açıqlamayıb. Bu addımın İtaliyanın baş naziri Mario Montinin qərarına əsasən, Romanın 2020-ci il Yay Olimpiya Oyunlarına iddia ərizəsini geri götürməsi ilə əlaqədar atıldığı ehtimal olunur. Lakin Peskante bu versiyanı istisna edib.

Mario Peskante İtaliya Milli Olimpiya Komitəsində (CONİ) 20 ildən çox çalışıb. O, 1993 – 1998-ci illərdə CONİ-də prezident postunu tutub, 1994-cü ildən İOC üzvü olub. 2001 – 2006-cı illərdə Peskante Silvio Berluskonin rəhbərlik etdiyi İtaliyanın Nazirlər Kabinetində İtaliya idmanının rəsmi nümayəndəsi kimi çalışıb, 2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsində hökumət kuratoru olub.

Qeyd edək ki, Romanın ərizəsini götürməsindən sonra 2020-ci il Yay Olimpiya Oyunlarına 5 namizəd – Bakı (Azərbaycan), Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri qalıb.
0