Rauf Əliyev “Bakı”da yeni lider tapdı - [b]MÜSAHİBƏ[/b]
19.04.2014 - 11:41
Rauf Əliyev “Bakı”da yeni lider tapdı - [b]MÜSAHİBƏ[/b]

“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Zədəniz nə yerdədir?

- Hələ tam sağalmamışam. Bu üzdən çempionatda daha  1-2 oyun buraxmalı olacam.

 

- Müalicənizi klub həkimləri həyata keçirir, yoxsa bununla bağlı ölkə xaricinə yollanmısınız?

- Burada, klub həkimləri tərəfindən müalicə olunuram. Bir az tələskənliyə yol verib meydana çıxdım. Buna görə də müalicəm uzun çəkdi.

 

- Deməli, həftəsonu “İnter”lə keçiriləcək oyunu buraxacaqsınız?

- Bəli.

 

- Hər gün klubun bazasına baş çəkdiyinizdən, komandadakı ab-havadan xəbərdarsınız. Oyunöncəsi vəziyyət necədir?

- Müalicə üçün hər gün bazaya baş çəkirəm. Təbii ki, komandanın məşqlərini də izləyirəm, ab-havadan da xəbərim var. Oyun öncəsi vəziyyət normaldır. Bizim üçün vacib oyundur. Məğlub olacağımız təqdirdə, avrokuboklara yollanmaq şansımız çətinləşəcək. Ancaq qələbə qazansaq, vəziyyət dəyişə bilər.

 

- “İnter”lə cari mövsümdə 3 dəfə üz-üzə gəlmisiniz. İki oyunda xallar yarı bölünüb, birində isə uduzmusunuz. “İnter” məğlub edə bilmədiyiniz 2 komandadan biridir...

- Demək olar ki, sindrom yaranıb. “Qəbələ”ni də yenə bilməmişik. Qalan komandalarla oyunlarda qələbə qazanmışıq. Komanda yoldaşlarım oyunun məsuliyyətini anladığından, matçın taleyini xeyrimizə həll etməyə çalışacaqlar.

 

- Amma yoxluğunuzda “Bakı”nın hücum xəttində ciddi problem hiss olunur...

- Bunu mən yox, komandanın oyununu kənardan izləyənlər deyə bilər. İnanıram ki, bu oyunda yoxluğumu hiss etdirməyəcəklər və qələbə qazanıb, intriqanı saxlayacaqlar. 

 

- “Bakı”nın avrokuboklara yollanmağa vəsiqə verən yerlərdən birini qazanmasının bu oyundan asılı olduğunu düşünmək olarmı?

- Bu oyunu uduzsaq, hər şeyin üzərindən xətt çəkməliyik. Heç-heçə də bizim üçün yaxşı nəticə olmayacaq. Yeganə yolumuz var, qələbə qazanmaq. Mübarizə aparmalıyıq.

 

- Hücum xəttində kimlərə şans verilsə, effektli ola bilər?

- Hücumçularımız azdır. Gənclərdən Tural Qürbətov var. O, qol vurub, komandanı arxasınca apara bilər. Marius Pena da meydana çıxacağı təqdirdə özünü yaxşı tərəfdən göstərə bilər.

 

- Qış fasiləsindən sonra bir müddət məğlubiyyətsiz oyunlar seriyası yaxaladınız. Amma sonradan qeyri-sabit nəticələr bir-birini əvəzlədi. Bu nədən qaynaqlanır?

- Fikrimcə, bu hər bir komandada baş verir. Gözləmədiyimiz anda oyunçularımız zədələndi. Yəni, zədəli futbolçularımız çox oldu. Baxırsan ki, hər oyunda 2-3 nəfər meydana çıxa bilmir. Həm də sıx qrafiklə oynadıq. Heyətimizin geniş olmaması bizə problem yaratdı. Hələ avrokuboklara yollanmaq şansımız qalır. Bundan istifadə etməliyik.

0