Yubiley iştirakçıları: 1/8 final həsrətində olan şirlər
02.05.2014 - 23:02
Yubiley iştirakçıları: 1/8 final həsrətində olan şirlər

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 40 gün qalıb. Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı A qrupunun komandaları ilə tanışlığı yekunlaşdırır.

 

Bu qrupun sonuncu yığması kimi Kamerun millisinə göz gəzdirək. Afrika təmsilçisi bu mərhələdə Braziliya, Xorvatiya və Meksika ilə mübarizə aparacaq.

 

Mundial təcrübəsi kifayət qədər olan kamerunluların ən yüksək nailiyyəti 1990-cı ilə təsadüf edir. Həmin vaxt afrikalılar 1/4 finala qədər irəliləmişdi. “Ramolunmaz şirlər” 4 il əvvəl fiaskoya uğramışdı. 2010-cu ildə CAR-da keçirilən yarışda 3 məğlubiyyət alan komanda qrupda sonuncu olmuşdu.

 

Almaniyalı mütəxəssis Folker Finkenin baş məşqçisi olduğu komanda Braziliyaya vəsiqəni çətinlik çəkmədən qazanıb. Qrup mərhələsini inamla başa vuran kamerunlular pley-offda Tunislə qarşılaşıb. İki oyunun nəticəsindəki (0:0, 4:1) qələbə Samuel Eto’Onun kapitanı olduğu komandanı mundiala daşıyıb.

 

Kamerun millisi güclü müdafiəsi ilə diqqət çəkir. Almaniya, Fransa klublarında çıxış edən müdafiəçilərdən təşkil olunmuş arxa xətti sanballı təsir bağışlayır. 1998-ci ildə Fransadakı mundiala 17 yaşında yollanan Eto’Onun təcrübəsi də yığmasının xeyrinədir. Samuel artıq 4-cü dəfə dünya çempionatının final mərhələsinə qatılacaq. Ramolunmaz şirlər Afrika komandaları arasında ən çox mundial oynamışlardan sayılır.

 

Amma afrikalıların oyunçularının çıxış etdiyi klublar arasında balans pozuntusu var. Belə ki, “Çelsi” və “Barselona” kimi nəhənglərin üzvləri “Valansyenn”, “Anji”, “Əl-Əhli”nin futbolçuları ilə yanaşı oynamalı olacaq. Həm də ki, 1990-cı ildəki uğurdan sonra kamerunlular dünya çempionatlarında qrupdan çıxa bilmir. Finkenin yetirmələri 24 illik 1/8 final həsrətinə Cənubi Amerikada son qoymaq arzusundadır.

 

Komandanın əsas ulduzları da nəhəng klublarda çıxış edənlərdir. Eto’O “Çelsi”də, Aleks Sonq “Barselona”da, Nikola Nkulu “Marsel”də çıxış edir.

 

Ramolunmaz şirlərin 1 nömrəsi Şarl İtanjdır onun əsas əvəzləyicisi Assembe sayılır. Müdafiənin mərkəzində Nkulu ilə Şedju çıxış edir. Dayaq yarımmüdafiəçisi Matip də onları əvəz edə bilər. Arxa xəttin cinahlarında Benua Assu-Ekoto, Bonq, Bedimo, Anqbva kimi oyunçular var.

 

Kamerunluların düşünən beyni isə mərkəzdə çıxış edən Aleks Sonqdur. Hücuma meylli yarımmüdafiəçi Jan Makun və onun əvəzləyicisi Emana ön xəttə dəstək verirlər. Hücumda isə Eto’O, Vebo, Mukanco “üçlüy”ü yer alır. Lakin sonuncunun yerinə 17 yaşlı Fabris Olinq və ya Abubakar da peyda ola bilər.

 

Qeyd edək ki, Kamerun millisi iyunun 13-də Meksika, 18-də Xorvatiya, 23-də Braziliya ilə görüşəcək.

0