[b]“Qarabağ”dan qorxmaq düzgün deyil”[/b] - MÜSAHİBƏ
24.11.2014 - 00:01
[b]“Qarabağ”dan qorxmaq düzgün deyil”[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turunda Qəbələdə eyniadlı komanda üzərində 3:2 hesablı qələbə qazanan “Simurq”un serbiyalı yarımmüdafiəçisi Marko Stanoyeviç oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Cərimə zərbəsindən gözəl qol vurdunuz. Bu, ev tapşırığı idi?

- Məşq prosesinin tərkib hissəsi olaraq, zərbələr vururuq. Hətta ilk qoldan sonra qapıçı ilə üzbəüz qaldım. Həmin anda yenə qol vura bilsəydim, hesab 2:0 olacaqdı. Əsas olan  qələbə idi. Biz də bunu qazandığımıza görə, məmnunuq.

 

- XIV turda da güclü rəqiblə qarşılaşacaqsınız. Lider “Qarabağ”ı qəbul edəcəksiniz. Bu oyunda qələbə seriyasını davam etdirə biləcəksinizmi?

- “Qarabağ”dan qorxmaq düzgün deyil. Çünki hər oyuna eyni tapşırıqla çıxırıq. Kiminlə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmalıyıq. “Neftçi” ilə görüşdən əvvəl sual vermişdilər ki, matçdan nə gözləyirsiniz. Demişdim ki, ən əsası doğma meydanda oynayırıq və bunu dəyərləndirməliyik. “Qarabağ”ı Zaqatalada qəbul edəcəyik. Bu uğurlu seriyanı isə mütləq davam etdirməliyik.

 

- Növbəti rəqibiniz Avropa Liqasının qrup mərhələsində çıxış edir. Siz necə, avrokuboklarda oynamaq istəyirsinizmi?

- Mövsümün əvvəlində bununla bağlı müzakirələrimiz oldu. Bizdən bacara biləcəyimizi soruşdular. Biz də bu işin öhdəsindən gələcəyimizi dedik. Təbii ki, avrokuboklarda oynamaq hər bir futbolçunun arzusudu. Bunu reallaşdırmalıyıq.

 

- Evdə, yoxsa səfərdə oynamaq rahatdı?

- Səhv etmirəmsə, bu səfərdə ilk qələbəmizdi. Digər qələbələri evdə qazanmışıq. Ancaq səfərdə də pis oynamırıq. “Neftçi”yə, “Qarabağ”a uduzduğumuz oyunlarda rəqibimizdən heç də zəif çıxış etməmişik. Bu gün isə şanslarımızı reallaşdırdıq və evə qələbə ilə döndük.

 

- Meydançanın süni və ya təbii ot örtüklü olması oyununuza necə təsir edir?

- Hər bir komanda üçün bu, az da olsa, fərq edir. Ancaq tez adaptasiya olmaq lazımdı.

 

- Yeri gəlmişkən “Neftçi” “Simurq”la oyunu idarə edən hakimlərdən narazı qalıb. Referinin Zaqatalada kobud səhvlərə yol verməsi ilə razılaşırsınızmı?  

- Hakimin qərarlarını müzakirə etmək düzgün olmazdı. Onun idarəçiliyini 50-nin 50-yə dəyərləndirmək olar. Konkret penaltilərə gəldikdə, referi düzgün qərarlar verib. Orada həqiqətən də penalti var idi.

 

 

0