Ağasəlim Mircavadov AFFA-dakı iclasın təfərrüatlarını açıqladı - MÜSAHİBƏ
24.11.2014 - 13:25
Ağasəlim Mircavadov AFFA-dakı iclasın təfərrüatlarını açıqladı - MÜSAHİBƏ

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. Toplantıdan sonra təcrübəli mütəxəssis Ağasəlim Mircavadov apasport.az saytına müsahibə verib.

 

- Toplantı ilə bağlı fikrinizi bilmək istərdik...

- Bir neçə ilə əvvəl təklif etmişdik ki, AFFA-nın tərkibində Məşqçilər Şurası fəaliyyət göstərməlidi. Həmin şuraya da geniş səlahiyyətlər verilməlidir. Yəni, həm fikrini bildirməli, həm də iş görməlidi. Artıq bu sahədə iş görülür. AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə belə bir komitə yaradılıb. Bu gün isə Elxan Məmmədov məni, Şahin Diniyevi, Vaqif Sadıqovu və Böyükağa Hacıyevi dəvət edib və iclas keçirilib. Burada komitənin iş birliyi haqda danışıldı. Belə qərara gəlindi ki, Məşqçilər Komitəsinin bütün yığmalara, o cümlədən əsas milli ilə iş birliyi olacaq. AFFA-nın binasında otaq ayrılacaq. Komitə üzvləri bölgələrə də səfər edəcək, gəncləri izləyəcəklər. Yığmaların ölkə xaricindəki toplanışları izləniləcək, məlumat veriləcək. Əsas məsələlərdən biri bu oldu ki, komitəyə cəlb ediləcək məşqçilərdən hansına klublardan təklif gəlsə, onu qəbul edə biləcək. Yəni burda çalışanlar üçün məşqçilik karyerasının bitdiyini demək olmaz.

 

- Komitənin üzvləri kimlər olacaq?

- Komitə beş nəfərdən ibarət olacaq. Biz dördümüzdən başqa, daha bir nəfərə də dəvət ediləcək. Komitə üzvləri Rövnəq müəllimin iştirakı ilə təsdiq olunacaq. Yenə deyirəm, işimiz bütün yığmalara kömək etmək olacaq. Bizi milli komandalara yerli futbolçuların gəlməsi maraqlandırır. Aşağı yaş qruplarındakı uşaqlara diqqət yetirəcəyik. Perspektiv vəd edənlərlə bağlı klub məşqçiləri ilə daim ünsiyyətdə olacağıq. Komitəyə geniş səlahiyyət veriləcək. Görüləsi işlər də çoxdu.

 

- Məşqçilər Komitəsinin əsas millinin baş məşqçisinə necə, hansısa tövsiyə və ya məsləhət vermək hüququ olacaqmı?

- Əlbəttə, olacaq. Belə bir komitə AFFA-da əvvəllər olub. 2002-ci ildə “Şəmkir”də işləyən vaxt federasiyada Məşqçilər Şurası var idi və onun rəhbəri də mən idim. Orada Vaqif Sadıqov da işləyirdi, Böyükağa Ağayev də. Klubda işləyə-işləyə şurada da çalışırdım. Ayda bir dəfə yığışırdıq. Çox işlər gördük. Həmin vaxt yığmalar indikilər qədər ölkə xaricində toplanış keçirmirdi. Çünki imkan yox idi. Amma iş birliyimiz sıx idi. Seçim barədə fikrimizi daim məşqçilərə bildirirdik, lazım olan futbolçunu məsləhətə görürdük. İndiki komitənin hüquqları da genişdi. Məsələn, klub məşqçiləri ilə ayda bir dəfə görüşüb, söhbət etmək imkanımız olacaq. Əsas məqsəd gənc futbolçulara daha çox diqqət yetirmək olacaq. Bu düzgün qərardı. Biz klubların daxili işlərinə

qarışa bilmərik, amma aşağıyaşlı yığmalar hansısa toplanışdan, turnirdən sonra hesabatı bizə verəcək. Biz də bunu ümumiləşdirib, rəhbərliyə hesabat verəcəyik.

 

- Məşqçilər Komitəsinin sədri kim olacaq?

- Hələ bilinmir. Gələn həftə növbəti iclas keçiriləcək. Yəqin ki, həmin vaxt məsələyə aydınlıq gətiriləcək.

 

- Əsas millinin baş məşqçisi ilə bağlı necə, söhbət oldumu?

- Əcnəbi olacağı dəqiqdi. Amma söhbətin kimdən getdiyini bilmirik. Əlbəttə, biz yerli olmasını istərdik. Qərarı İcraiyyə Komitəsi verəcək. Hansı qərar verilsə, hörmətlə yanaşacağıq. Ancaq millinin baş məşqçisi ilə sıx əməkdaşlıq edəcəyik.

 

- U-21-in baş məşqçisi Bernhard Lippert istefa verdiyini açıqlamışdı. Bəs bu məsələ ilə bağlı hansısa söhbət aparıldımı?

- Bəli, söhbət oldu. Elxan müəllim dedi ki, kimi məsləhət bilirsiniz. Fikirləşib, deyəcəyik. Komitə üzvlərindən bu postu heç kim tutmayacaq. Çünki həmin məşqçilər demək olar, bu mərhələlərin hamısını keçib. Komitə üzvləri klublarda işləsələr, daha çox xeyir verə bilərlər. Çünki biz işləyən vaxt milliyə daim hazır oyunçular vermişik. Onu da qeyd edim ki, komitə üzvləri müqavilə əsasında çalışacaq.

0