[b]AFFA “Böyük oyun”la bağlı qərar verdi[/b]
25.11.2014 - 14:29
[b]AFFA “Böyük oyun”la bağlı qərar verdi[/b]

Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verənlər AFFA-da müzakirə olunub. Apasport.az saytının məlumatına görə, qurumun İntizam Komitəsinin bugünkü iclasında “Dalğöa Arena”da keçirilən “Böyük oyun”da yaşananlarla bağlı qərarlar verilib.

 

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə  olunub. Oyunun 16-cı dəqiqəsində bakılıların futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb və klubunu 200 manat ziyana salıb.

 

Onun komanda yoldaşı Elnur Allahverdiyevin cəzası daha ağır olub. İkinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan müdafiəçi oyun bitdikdən sonra AFFA, PFL və hakimi təhqir etməyinin cəzasını alıb. Allahverdiyev bu səbəbdən 6 oyunluq cəzalanıb, “Neftçi” 5200 manat cərimə olunub.

 

Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırılıb. Buna görə də legioner 2 oyunluq cəza alıb, klubunu 2000 manat xərcə salıb. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

 

Onun oyunun 74-cü dəqiqəsində həmin hərəkətə yol verən komanda yoldaşı Əfran İsmayılovla bağlı qərar da eyni olub. Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.

0