Bəhmən Həsənov: “Milliləri ləğv edərəm, “Qarabağ” da gedib İspaniyada oynasın” - OFSAYD
21.10.2022 - 16:56
Bəhmən Həsənov: “Milliləri ləğv edərəm, “Qarabağ” da gedib İspaniyada oynasın” - OFSAYD

Apasport.az saytı “Ofsayd” rubrikasını davam etdirir. Budəfəki qonağımız “Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənovdur.

Mütəxəssis söhbət zamanı bir çox məqamlara toxunub. Həsənov “Rəvan”dakı dönəmindən tutmuş, sonrakı fəaliyyət dövrünü vərəqləyib, həmçinin Azərbaycan futbolunun keçmişdəki və bugünkü problemlərini sadalayıb.

“İrana baxanda bizim durumumuz şükürlüdür”
- Hazırda nə işlə məşğulsunuz?
- Kazbek Tuayevin rəhbərlik elədiyi futbol məktəbində çalışıram. Həmçinin dostlarımın yüngül biznes sahələri var, boş vaxtlarımda onları idarə etməkdə yardım edirəm. İşimdən məmnunam. Ara-sıra İrandan dəvətlər olur. Akademiyanın qurulması, təməl prinsiplərinə uyğun işlər üçün tez-tez bura gəlirlər, arada mən ora gedirəm. Məşqçilər üçün xüsusi kurslar təşkil edirik. Böyük futboldan uzaq düşsəm də, uşaq futbolu ilə mütəmadi maraqlanıram.

- İrandakılarla münasibətiniz necə qurulub?
- Azərbaycanda keçirilən I Avropa Oyunlarına İrandan nümayəndələr gəlmişdi. Onlar necəsə məni tapdılar. Ardından 2017-ci ildə güləş yarışı üçün Bakıya gəlmişdilər. Uşaq futbolundan, iki ölkə futbolu arasındakı fərqlərdən danışdıq. Soruşurdular ki, keçmiş SSRİ dönəmində Azərbaycanda çox yaxşı futbolçular yetişib, bəs indi niyə komandalar yarışlarda zəif iştirak edirlər. Amma İrana baxanda bizim durumumuz şükürlüdür. Orada cəmiyyət böyükdür və xarakter baxımından bizdən çox fərqlənirlər. Deməzdim ki, savadlı məşqçiləri var. İranın bir çox şəhərlərində olmuşam. Mənə maraqlı gələn odur ki, hansısa işin startını mən versəm də, gedişatı yüksək dərəcədə davam etdirirlər. Məşqçilərin maaşları az olsa da, həvəslə işləyirlər. Daim öyrənməyə çalışırlar, mənimlə də tez-tez əlaqə saxlayırlar. Orada çox seminarlarımız olur. Əsasən Zamin Əsədullayevlə bir yerdə işləyirik. Hətta milli səviyyəsində belə, onlara proqram hazırlamışdıq. Pandemiyaya görə layihəmiz yarımçıq qaldı. Məsələn, “Qalatasaray”ı Tehrana biz aparmışdıq. İstanbul klubunun bir çox şəhərlərdə akademiyaları açılmışdı.

- Bir ara xəbər yayıldı ki, hansısa zavodda fəhlə işləyirsiniz...
- Yaxın dostumun zavodudur, sadəcə mənə dəstək olur. Həm də onlar futbol adamlarıdır. Zavodda çalışmıram. Fəhlə və ya mühəndis işləməyim həm savadıma, həm də mentalıma uyğun deyil. 40 ilə yaxındır ki, məşqçi işləyirəm, yetərincə yetirmələrim var.

“AFFA-nın öz sevimli mütəxəssisləri var”
- PRO kateqoriyalı məşqçi kimi böyük futboldan uzaq düşmək sizə pis təsir etmirdi?
- Futbol bizim həyatımızın ayrılmaz hissəsidir. Azərbaycanda bu ildən 10 komanda olub. AFFA-nın da öz planları, proqramları və sevimli mütəxəssisləri var. Əslində I Diviziondan dəvət olur. Orada işlədiyim üçün bilirəm ki, I Divizionda çalışmağın heç yeri yoxdur. Bu liqa yox səviyyəsindədir. İranın II liqası ilə Azərbaycanın I Divizionu müqayisə olunası deyil. Söhbət təkcə maddiyyatdan getmir. Orada çalışmaqdansa işsiz qalmağı üstün tutaram. Təkcə “Araz Naxçıvan”ı ayırardım. Bu kluba Naxçıvanda böyük dəstək var. Mən yüksək səviyyədə akademiyaya rəhbərlik edə bilərəm. Belə bir variant olarsa, dəyərləndirərəm. İrandan çox dəvət gəlir. Elə bu yaxınlarda birinci liqadan təklif aldım. Ancaq Azərbaycandan kənarda işləyirəmsə, normal pul almalıyam. İndi onlarda maliyyə məsələsi çox problemlidir. Orada 100 dollar böyük məbləğdir. Bizim onlardan əsas fərqimiz isə odur ki, klublara AFFA rəhbərlik edir. İlk növbədə klubları assosiasiyadan alıb sahiblərinə vermək lazımdır. Nə qədər ki, AFFA futbola rəhbərlik edəcək, belə də olacaq.

- Sizi heç axtarıb-arayan olmur?
- Xeyr, heç kim maraqlanmayıb. Hamı elə bilir ki, mən İrandayam. Ötən il I Diviziondan təklif gəlmişdi. Ancaq ora da həvəskar səviyyəsində olan liqadır. Oynamaq xatirinə komandalar yaradılıb. Futbolu iş adamlarına qaytarmaq lazımdır.

“Dedi ki, patronun mənəm, 0:10 uduzsan da bundan qorxma”
- “Rəvan” deyəndə ağıla ilk gələn ad Bəhmən Həsənov olur. Həmin dönəmi necə xatırlayırsınız?
- “Rəvan” məni uşaq futbolundan böyük futbola inteqrasiya elədi. Tərəddüd etməyimə baxmayaraq, “Rəvan” mənim üçün gözəl tramplin oldu. Sərmayə qoyan adama cavab verməli olursan. Pul buraxan adam ortada bir şey görməyəndə səbəbini soruşur. C kateqoriyasından PRO-ya qədər yüksəlməyimdə bu klubun verdiyi dəstək həlledici oldu. Təzə gələndə “Rəvan”ın rəhbəri mənə dedi ki, patronun mənəm, 0:10 uduzsan da bundan qorxma, ancaq komandanı sistemə sal. Bu böyük dəstək idi. Bir haşiyəyə çıxım. Mariborda təlim-məşq toplanışı keçəndə isə beynəlxalq futbolun tam fərqli məcrada inkişaf etdiyini gördüm. Orada yoxlama görüşü üçün rəqib axtaranda “Rəvan”ı heç kim tanımırdı. Jurnalistlər, azarkeşlər gəlirdi, ancaq “Rəvan” adını ilk dəfə idi eşidirdilər. Premyer Liqada təzyiq hər zaman var. İndiki məşqçilərin müsahibələrinə baxanda görürəm ki, hamısı həyəcanlıdır. “Qalatasaray”a təcrübəyə gedəndə düşünürdüm ki, görəsən böyük komandalarda işləyə bilərəm? Bu klubla yanaşı, Donetsk “Şaxtyor”u və “Trabzonspor”da təcrübəm oldu. Gördüm ki, çox sadədir. Əslində bu klublarda məşqçiləri savadına görə təyin etmirlər. Sadəcə, prosesin gedişatına uyğun addım atırlar. 

“Zəif yerini dərhal tuturlar, başına ip salıb oynadırlar”
- Həmin vaxt tez-tez “Rəvan”a gəlib, gedirdiniz. Niyə belə alınırdı?
- Səmimi cavab verəcəyəm. Emin Quliyevin rəhbərliyi altında komanda uduzduqca, onu ürəyimdə söyürdüm. Onun ayrılmağını, məni yenidən komandaya gətirmələrini istəmirdim. Çünki İran klubu ilə müqavilə imzalamağa hazırlaşırdım. Mən oktyabrın 20-də İrana getməli idim, bundan 4 gün əvvəl onu çıxardılar. Yerinə də yenə məni gətirdilər. Emin 2500 manat alırdı, maşın da ayırmışdılar. Mənim maaşım isə 1000 manat idi. Kemal Alispahiçdən sonra, Almir Hurtiç “Rəvan”ı çalışdırırdı. Həmin vaxt komandanı çox gözəl hazırladım, yaxşı nəticələr qazandıq. Udmadığımız rəqib yox idi. “Muğan” dağıldıqdan sonra da yerinə “Rəvan” yaradıldı və mən komandanın baş məşqçisi oldum. Sadəcə, o vaxt təcrübəm az idi. İkinci dəfə “Rəvan”dan ayrılanda futbolçularla aramda problemlər var idi. Hətta “Sumqayıt”la oyunda penaltini belə, vurmadılar. Artıq getmək vaxtı olduğunu görürdüm. Nuru müəllim də oyunçularla aramda dərin uçurum olduğunu bilirdi. Problem isə Gəncədən başladı. Öndə olduğumuz matçın 89 və 90-cı dəqiqələrində qollar buraxdıq. Həmin gün məni infarkt vurmadısa, böyük şeydir. Qapıçı 40-50 metrdən qol buraxdı. “Bakı” ilə səfər oyununda istefa vermək istəyirdim. Birinci hissədə 0:3 geridə idik. Fasilədə bir kəlmə dedim ki, onsuz da mən gedirəm, ancaq siz şərəfinizi qoruyun. İkinci hissədə Taqim Novruzov da qırmızı vərəqə aldı. Bəzi dəyişikliklər etdim, komanda 2 qol vuraraq fərqi minimuma endirdi. Matçın axarı dəyişmişdi. 10 nəfərlə oynasaq da, üstünlük bizdə idi, verilməyən penaltilərimiz oldu. Aləm qarışdı bir-birinə. Hakim də “Bakı”ya çox kömək elədi. Əslində həmin görüşdən sonra getməli idim. “Sumqayıt”la matçda da penaltinin vurulmaması gedişimi şərtləndirdi. Cevat Gülər gələndə isə onun yanında köməkçi işləməli deyildim. Kim olsaydı işləməzdi. Sadəcə, deyildi ki, Cevat Gülər “Qalatasaray”ı çempion edib, Türkiyənin tanınmış məşqçilərindəndir. Pula görə yox, ondan nəsə öyrənmək xatirinə qaldım. Buna görə tənqid edənlərin də haqqı var idi. Fəaliyyətimi akademiyada da davam etdirə bilərdim. İnandırım sizi, Premyer Liqa komandasına rəhbərlik etmək akademiyada işləməkdən 50 dəfə rahatdır. Dörd oyunda 3 xal topladıq, onu da göndərdilər. Yenidən baş məşqçiliyə dönməli deyildim. B kateqoriyam var idi, oxumaq istəyirdim. Komanda rəhbərliyinə dedim ki, natamam savadım var, oxuyum, yenə də gəlim burada işləyim. İşin içində insanın mənfi tərəfləri dərhal üzə çıxır. Futbolçular da hissiyyatlı adamlardır, məşqçinin zəif yerini dərhal tuturlar. Ondan sonra adamın başına ip salıb oynadırlar. Müqavilə bağlayana kimi futbolçular sənin, ondan sonra sən onların əmrində olursan. Hamını da qova bilməzsən.

- Futbolçular sizin hansı zəif nöqtənizi tutmuşdular ki, aranızda problemlər yaranmışdı?
- Köməkçi-məşqçilikdən baş məşqçiliyə keçən mütəxəssislərə məsləhət görərdim ki, təyin olunan kimi, komandanın ən azı yarısını dəyişsin. İkinci məşqçi daim komandanın içində olur, futbolçularla səmimi münasibət qurur. Onların ev, maaş və bir çox problemlərini köməkçi həll edir. İnsana qardaş kimi baxırlar. Köməkçi sonra baş məşqçi təyin olunanda əmr verən şəxs olur. Yəni qardaşlıqdan çıxır. Futbolçu da bunu qəbul eləmir. Deyir ki, dünən yanımızda gəzirdi, indi özünü göstərir. Onlara bildirirdim ki, meydançada və paltardəyişmə otağının ağası mənəm, səhv danışsam belə, düzəm. Yəni komandir hər zaman haqlıdır. Əvvəlki kimi yumşaqlıq edə də bilməzsən. Çünki belədə “bardaq” olur. Peşəkar futbolçu müdafiə olunmaq davranışını bilməlidir. Premyer Liqa məşqçisi ona deməməlidir ki, filan epizodda bunu et. Bunları 10 yaşda öyrədirlər. Problem onda idi ki, peşəkar deyildilər. “Qarabağ”la bir oyundan sonra statistikaya baxırdıq, rəqib matçda 640, biz 150 ötürmə etmişdik. Rəhbərlik rəqəmlərə baxıb dəli olurdu ki, siz futbol oynamırsınız.

“Media nümayəndələri arasında mənə futbolçu təklif edən olub”
- “Rəvan”ın dağılma səbəbi zəif nəticələr idi, yoxsa maliyyə problemi?

- “Rəvan”ın son ilində çox əziyyət çəkmişdim, maliyyə problemləri oldu. Klub prezidenti Samir Məliksoyun məndən xoşu gəlmirdi. Mənə deyirdi ki, 3 ay qəzet oxuma. İnanın ki, media nümayəndələri arasında mənə futbolçu təklif edən də olub. Hətta həmin oyunçunu çağırıb yoxlayırdım da. Mənim tək istəyim komandamın güclü olması, qalib gəlməsi idi. Futbolçulara da deyirdim ki, pul sizin, qələbə mənim olsun. Amma oyunçu təkbətək şansları dəyərləndirə bilməyəndə istəyirsən onu güllələyəsən. “Rəvan”ın da süqutu əvvəlcə nəticələrlə, ardından maliyyə problemi ilə başladı.

- Çox sayda mütəxəssis kənarda qalıb və onlar bunu futboldankənar şəxslərin bu sahəni zəbt etməsi ilə əlaqələndirir. Bu fikirlə razısınız?
- Bir dəfə “İnter”ə 80-ci dəqiqədən sonra buraxdığımız qollarla 0:2 uduzduq. Oyundan sonra süfrə arxasında idman direktoru Füzuli Əliyev dedi ki, səhv taktika seçmişdin. Çox əsəbləşdim, maketi uzadıb dedim ki, “İnter”in hansı sistemdə çıxış etdiyini başa sala bilsəniz, bir daha məşqçi işləməyəcəyəm. Həmişə istəmişəm ki, çalışdığım yerdə futbolu yaxşı bilənlər cəmləşsin. Bizdə idman direktorları futboldan, bəlkə də, çox uzaqdırlar. Dünyanın aparıcı klublarının idman direktorları keçmiş oyunçulardır. Hər şeyi məşqçinin boynuna atmazlar. Məşqçi də gərək öz problemlərini bilsin. İdman direktoru futbol adamı olsa, bunları görər, məşqçiyə deyər. Premyer Liqada çalışan elə məşqçi var ki, məğlubiyyətin səbəbini soruşurlar, deyir ki, bilmirəm. Problemini bilməyən insanı niyə gətirib baş məşqçi qoyursunuz? Dahi adamlar futbolda ön planda olmalıdır. Bir dəfə İrandan gələndə taksi sürücüsü mənə dedi ki, bu gün Vəli Qasımovun ad günüdür. Vəli müəllimə həm məşqçi, həm də insan kimi böyük hörmətim var. Onun bir prinsipi var ki, heç kimin arxasınca danışmaz. Futbol oynayan başqa, bu sahənin savadına yiyələnən başqadır. Hər kəs çəkdiyi zəhmətin haqqını alır, heç kim pulsuz işləmir.

“Torres məşqçilərə dəyər, Foqts peşəkarlıq gətirdi”
- İki universitet oxumusunuz, savad sahibisiniz. Başqa sahəni seçə bilməzdiniz?
- İkinci universiteti, biznes məktəbini oxumuşam. Əslində idmançı yox, hüquqşünas olmaq istəyərdim. Çox çətin dövrə düşdük, ölkə yenidən quruldu, müstəqil oldu. Bir şeyi dağıdıb yenidən qurmaq çox çətindir. Bütün sahələrdə axsamalar oldu. 2003-cü ildə özümün biznesim var idi. Füzuli Əliyev də dedi ki, sən yaxşı məşqçisən, gəl uşaqlarla işlə. Mən biznes quranda, bəlkə də, Azərbaycanda heç bir məşqçinin biznesi yox idi. Füzuli müəllimin dəvəti ilə futbola gəldim. Şəhriyar Əliyev, Novruz Məmmədov, Amit Quluzadə, Rauf Əliyev kimi uşaqları yığdım. Kamal Bayramov da Moskvadan gələndən sonra bizim uşaqlarla məşq edirdi. Başqa çox yaxşı uşaqlar da var idi, baxımsızlıqdan futbolsuz qaldılar. Məşqçi olmasaydım, mütləq hüquqşünas işləyərdim. Dünya səviyyəli məşqçi ola bilərdim. Burada fiziki hazırlıq məşqçisinə də böyük ehtiyac var. Azərbaycanda bir nəfər də olsun fiziki hazırlıq məşqçisi yoxdur. Məsələn, “Turan Tovuz”un baş məşqçisi də, fiziki hazırlıq məşqçisi də Ayxan Abbasovdur. Mən hələ uşaqlarla işləyəndə bütün məşqləri nəbz ölçüsü ilə keçirdim. Nəbz stabilləşməmiş ikinci hərəkətə keçmirdim. İndi min cür texnika var. SSRİ dönəmində çox yaxşı məşqçi məktəbi var idi. Bir də 2010-cu ildə Azərbaycana savad gəldi. AFFA-nın problemi çoxdur. Amma belə şeylərə görə, qurumu dəstəkləyirəm. Nikolay Adam, Bernhard Lippert Azərbaycana çox şey gətirdi. Rəhmətlik Karlos Alberto Torres məşqçilərə dəyər, Berti Foqts isə peşəkarlıq gətirdi. UEFA-da oynaya-oynaya məşqçilik kursu keçirlər. Mənim belə şansım yox idi. Amma indiki gənc mütəxəssislərə Allah böyük şans verib, dəyərləndirmək lazımdır.

- Dediniz ki, AFFA-nın problemi çoxdur. Məsələn, nələrdir?
- AFFA təşkilatçıdır, amma hazırda bütün səlahiyyətlər onun əlindədir. Klublara, onların akademiyalarına məşqçiləri AFFA təyin edir. Əslində bu normal hal deyil. 2011-12-ci illərdə 15 milyon pul ayırmışdılar ki, xarici idman direktorları gətirsinlər. Nə oldu bəs? Düzdür, futbolçu yetişdirməyə AFFA cavabdehlik daşımır. O vaxt baş katib olan Elxan Məmmədovun qəbuluna yazılmışdım, onunla görüşmək istəyirdim. Çünki 8-14 yaşlılar arasında milli akademiyanın qurulmasını təklif edəcəkdim. Uşağın 14 yaşa qədər təməli düzgün qoyulmasa, ondan böyük futbolçu çıxmaz. Uşaq futbolu ilə bağlı yalnız “Qəbələ”nin böyük işlər gördüyünü söyləyə bilərəm. Amma “Qəbələ”nin yetirməsi olan hansı böyük futbolçuları tanıyırsınız? İçlərində alababat çıxanlar ancaq Bəhlul Mustafazadə və Amin Seydiyev oldu. Bəhlul dəhşətli dərəcədə səhvlərlə oynayan futbolçu idi. Amma “Qarabağ”da son matçları görün necə keçirir. Qurban Qurbanov ona şans verməsəydi, belə parlaya bilməzdi. Azərbaycanda istedadlı uşaqlar var, sadəcə onlar yanlış yönləndirilir. SSRİ-nin vaxtında məşqçilər üçün kitablar var idi. AFFA-da 5-10 nəfər var ki, xaricə göndərir. Onlardan orada keçdikləri təcrübələri yazılı tələb elə, ötür ictimaiyyətə, hamı öyrənsin. Mən niyə UEFA-ya pul verib kitab almalıyam? AFFA məşqçilərin savadlandırılması yönündə axırıncı dəfə 10 il əvvəl nəsə bir iş görüb. Elit-məşq kitabları var, o da səhv-sühvdür.

- Akademiya açmaqda həvəsli görünürsünüz. Bu yöndə heç bir dəstək almamısınız?
- Elə adam deyiləm ki, kiminsə qapısını döyüb nəsə istəyim. Dediyim kimi, bir dəfə Elxan Məmmədovun qəbuluna yazıldım. Peşəkar məşqçiyik, sözümüzü deməyə haqqımız var. Heç iş də istəmirdim.

“Katibəsi zəng elədi ki, Elxan müəllimə nə sözünüz varsa, mənə deyin”
- Görüşə bildiniz?
- Katibəsi zəng elədi ki, Elxan müəllimə nə sözünüz varsa, mənə deyin. Bildirdim ki, Elxan müəllimə olan sözümü sizə deyəcəkdimsə, elə gedib onun yerində oturun. Mən küçədən keçən biri deyiləm ki, qəbul etməyəsən. İranın 8-14 yaşlılarından ibarət milliləri üçün proqram hazırlamışdıq. Bu da Lippertin proqramından qaynaqlanırdı. Sadəcə bir az duz-istiot qatıb dəyişiklik etmişdik. Sonra orada rəhbərlik dəyişdi, layihənin icrası baş tutmadı. Demək olar ki, bütün dünyanı gəzmişəm. Getdiyim ölkələrdə ilk növbədə futbol akademiyalarının necə qurulmasını öyrənirəm. Donetsk “Şaxtyor”unun uşaq akademiyasının adi seçim aparatının 1 milyon qiyməti var. Bizdə belə texnikalar varmı? Əvvəl bunları bilmirdim işləyirdimsə, indi bilirəm, amma işləmirəm.

“Şərt qoydum ki, bu uşaq futbol oynasa, 10 top verəcəksiniz, onu da vermədilər”
- Bizdə indi fərqləndirə biləcəyiniz akademiya varmı?
- Akademiya Azərbaycanda yox səviyyəsindədir. Məsələn, “Qarabağ” avrokuboklardan bu qədər pul qazanır, heç olmasa akademiyasına 10 manat artıq pul xərcləsin. Sonuncu yetirmələri Qara Qarayev olub. Rasim Kara çox sayda futbolçunu əsas komandaya cəlb etdi, Azərbaycan futboluna böyük xeyir verdi. O, “Qarabağ”da böyük işlər gördü. Uşaqların universitetə qəbul olunmasını təmin etdi, yeniyetmə uşaqların məşqçilərinə pul verib onları aldı. Səhv eləmirəmsə, bir futbolçuya görə məşqçisinə 300 dollar vermişdilər. Məndən Novruz Məmmədovu istəmişdilər, ancaq onu “İnter”ə vermişdim. O vaxt “İnter”ə şərt qoydum ki, bu uşaq futbol oynasa, mənə 10 top verəcəksiniz. Heç onu da vermədilər. Amit Quluzadənin artıq 16 yaşı var idi, şəxsən özüm aparıb “Neftçi”yə verdim. Bizim problemimiz gənclərə şans verməməyimizdir.

“Müdafiədən nənəm də oynadar"
- Bəs indiki “Qarabağ”la digər klublar arasında böyük uçurumun olmasının səbəbi nədir?
- Əslində ən çətini Qurban Qurbanovun taktikası ilə oynamaqdır. Hücumda ardıcıl kombinasiyalar ən başlıca tələblərdən biridir. Hər adam belə komanda qura bilməz. “Neftçi”də işləyən məşqçi də ilk növbədə bunu bacarmalıdır. Hücumla müqayisədə müdafiədən nənəm də oynadar. “Neftçi” də müdafiədən oynamalı komanda deyil. Rəhmətlik Böyükağa Hacıyev məşqçi kimi, bəlkə də, bəzi həmkarlarından zəif idi. Ancaq “Neftçi”ni hamıdan yaxşı oynadırdı, bir nömrəli komandaya çevirmişdi. Güclü psixoloq idi. PRO-nu oxuyanda anladıq ki, baş məşqçi olmaq üçün bilik, savad 6-cı tələbdir. Baş məşqçinin yanında savadlı mütəxəssislər olmalıdır.

“Futbol başqa məcrada inkişaf edir, biz hələ fərqli yolla gedirik”
- Çempionatı izləyirsiniz?
- Ara-sıra izləyirəm. Mənə maraqlı gəlmir. “Qarabağ” istisna olmaqla, digər komandaların oyunlarına baxanda zövq almıram. Daha çox məşqçilərimizi izləyirəm. Rəşad Sadıqovla Murad Musayevin qarşıdurması, Tərlan Əhmədovun “Kəpəz”dəki fəaliyyəti mənə maraqlı idi. Onun Gəncə klubunda istəyi yaxşıdır, amma şəraiti fərqli. İnsan gərək istəyi ilə imkanı arasında əlaqə yarada bilsin. Bir analitik kimi məşqçilərin problemlərini deyə, onları sübut da edə bilərəm. Rəşad Sadıqovdan böyük şeylər gözləyirdim. Çünki uzun müddət yaxşı komandalarda güclü mütəxəssislərin rəhbərliyi altında oynayıb. Amma belə oyun üslubu seçməsi mənə ağır gəlir. Çəkisinə uyğun futbol oynatmalı, baxışını dəyişməlidir. Ayxan Abbasov Azərbaycan futbolunun nəbzini tutub. Komandasını qurur, əks-hücumdan oynadır və nəticə qazanır. Əslində Ayxanı məğlub etmək də problem deyil. Sadəcə, onun komandasının sizi əks-hücumda tutmaq şansı daha çoxdur. Komandalarımız dağınıq, məsafəli oyun göstərir. Ayxan kimi məşqçinin kompakt futbol sərgiləyən komandası bu cür rəqibləri mütləq cəzalandıracaq. Futbol başqa məcrada inkişaf edir, biz hələ fərqli yolla gedirik. Məşqçilərimiz inciməsinlər, amma onlar Azərbaycan futbolunu bir pillə yüksəyə daşıyacaq səviyyədə deyillər. Bura gələn əcnəbi məşqçilər də özümüzünkülərdən yaxşı deyillər. Məsələn, “Sabah”ın baş məşqçisi Murad Musayev də bu qədər təriflənəsi iş görmür. Rusiya futbolunun bir qolunu burada oynadır. Avropa futboluna uyğun heç nə etmir. O ki qaldı “Neftçi”nin baş məşqçisinə, bir komandanın ardıcıl dörd ötürməsi yoxdursa, ondan nə danışaq?

“Məşqdə onun əvəzinə qapıya taxta qoyurdum ki, bəlkə top ona dəyib qayıtdı”
- Bəs Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin işini necə qiymətləndirirsiniz?
- Hələ Belarusla matçdan əvvəl demişdim ki, 5-li müdafiənin önündə çıxış edən dayaq yarımmüdafiəçiləri bu müdafiənin oyunçuları deyil. Sanki bu tənqidləri eşitmişdi. Amma bu, heç də de Byazinin məhsulu deyildi. Hədəfə çatmaq üçün bizə de Byazi lazım deyildi. Üzərinə düşən missiyanı yerinə yetirə bilmədi. Sən komandanın səviyyəsini bir addım yuxarı daşımamısansa, deməli, işini düzgün görə bilməmisən. Məndən olsa, milliləri ləğv edərəm. Görəsən, millimiz olmasa UEFA-dan cərimə gəlməz? “Qarabağ” da gedib İspaniya çempionatında oynasın (gülür). Milliyə tökdükləri pulla akademiyalar açsınlar, uşaq futboluna nəzarət etsinlər. Yığmanın neçə oyunçusu bizimkidir? Meydanda 5-6 azərbaycanlı tapmaq olmur. Riçard Almeydanı milliləşdirməklə nə qazanacaqsan? Təəssüf ki, perspektivli yerli futbolçu da yoxdur. Milliyə hazır futbolçu lazımdır, bura yetişdirmək yeri deyil. Cavanlar olmadığı üçün milliləşdirməyə gedirlər. Ancaq yenə də yanlış yoldur. Gəncləri meydana buraxırsan, “mondraja” düşür, əl-ayağı əsir. “Rəvan”da işləyəndə gənc qapıçı var idi, milliyə də çağırılırdı. Bir dəfə əsas qolkiper qırmızı vərəqə aldığı üçün onu meydana buraxmalı oldum. Həyəcandan əlcəyi taxa bilmədi, formanı tərs geyindi. Həmin oyunda da 40 metrdən top buraxdı. Hərdən məşqdə onun əvəzinə qapıya taxta qoyurdum ki, bəlkə top ona dəyib qayıtdı. Milliyə də indi ildə 20 milyon xərcləyirlər. Bunu ləğv edib, pulu uşaq futboluna yatırmaq lazımdır. AFFA-nın yaratdığı akademiya kimə lazımdır? “Neftçi”nin o qədər pulu var, niyə akademiyası yoxdur? Bir türkiyəli qardaşı gətirib qoyublar akademiyanın başına. Onun heç ixtisası bu işə uyğun deyil. Niyə gətiriblər, nə məqsəd güdürlər? Niyə azərbaycanlıya şans vermirlər? Məşqçi müsabiqəsi eləsinlər, proqram təqdim etsinlər. O vaxt “Rəvan”ın U-19 komandası çempion olanda Lippert dedi ki, Azərbaycanın ən güclüsü budursa, daha nə deyim. Azərbaycanın çempion olan komandasından yığmaya çağırılan yox idi. Millimizin akademiyada işləyən məşqçilərinə baxın. Həmçinin yığmanın bir sistemi olmalıdır. Əsas yığmanın U-21-dən, U-21-in U-19-dan xəbəri yoxdur. U-21 qəsdən U-19-dan uşaq götürür ki, onu zəiflətsin. Belə olmaz. Elşad Quliyev kimi mütəxəssis niyə kənarda qalmalıdır? Azərbaycanda ən savadlı məşqçilərdən biridir. Heç bir məşqçinin başı onun kimi işləmir. Niyə başını mini-futbolda qatır? Mini-futbol komandasını Avropa çempionu elədi. Üç il o komandanı öz hesabına saxladı. Sonra Orxan Məmmədov onlara stadion verdi, yardım etdi. AFFA nə vaxt bir yerdə işə qarışır, oranı bərbad günə salır. U-21 yaradıb əcnəbi təyin etsinlər, bir alternativ U-21 də yaradıb bizə versinlər. Zəifini versinlər bizə. Onda kimin nəyə qadir olduğu bilənəcək. AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə ilə məmnuniyyətlə üzbəüz debatda danışardım. Nəticəsi yoxdursa, o, milli deyil. İrandan bura gələn 12 yaşlı uşaqlara bizimkilər rahat 5 qol vurarlar. Amma İrandan gələn 17 yaşlılar bizimkilər rahat 5-ni vurarlar. Çünki sistemimiz yoxdur. Avropa komandaları gəlib ağıllı mental və texnika sayəsində rahat qələbə qazanıb gedirlər. İstəsələr 5 qol vurarlar, özlərini yormurlar. Bizim nə taktikamız var, nə də uşaqların fiziki gücü. Biz bir topla məşq etmişik. İndi hər cür imkan var, ortada bir şey yoxdur.

Ruslan Sadıqov

0
DİGƏR XƏBƏRLƏR
Loading...