Nazim Allahverdiyev: “Qrup səddini keçmək real görünmür”
13.05.2008 - 15:19
Nazim Allahverdiyev: “Qrup səddini keçmək real görünmür”
Bakı. Kənan Həsənov - APA-Sport. “Albaniya üzərindəki qələbə bizə baha başa gəldi. Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazansaq da, Fərid Cəlalov ciddi zədələndi və qarşıdakı məsul oyunlarda komandaya kömək edə bilməyəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandasının rəisi Nazim Allahverdiyev söyləyib. N.Allahverdiyev sabah Hollandiyaya yollanacaq yığmanın qrup oyunlarında uğur qazanacağının çətin olacağını bildirib: “Səfərə ciddi itki ilə gedəcəyik və bu səbəbdən obyektiv olmaq gərəkdir. Meydan sahibi Hollandiya dünyanın ən güclü komandalarından sayılır. İkinci mərhələni təşkil edəcək Sloveniya da kifayət qədər təcrübəli rəqibdir. Yalnız Latviya ilə bərabər səviyyədə oynamaq olar. Qrup səddini adlamaq real görünməsə də, hər bir oyunda sonadək döyüşəcəyik. Yeni baş məşqçimiz Sahib Əliyevin voleybolçuları qarşıdakı oyunlara lazımınca kökləyəcəyinə inanıram. Fikrimcə, bu oyunlar gənc komandamız üçün əsl təcrübə məktəbi olacaq”.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə Albaniyanı üstələyən millimiz B qrupunda Hollandiya, Latviya və Sloveniya yığmaları ilə mübarizə aparacaq. Qrup oyunlarının birinci mərhələsi mayın 16-dan 18-dək Hollandiyada, ikinci mərhələsi isə mayın 30-dan iyunun 1-dək Sloveniyada təşkil olunacaq.
0