Valeriya Korotenko: “Məni yalnız “Fənərbaxça” deyil, bir çox güclü klublar da transfer etmək istəyir” - FOTO
16.05.2008 - 14:59
Valeriya Korotenko: “Məni yalnız “Fənərbaxça” deyil, bir çox güclü klublar da transfer etmək istəyir” - FOTO
- Türkiyə Superliqasının gümüş medalını qazanan Valeriya Korotenko özünü necə hiss edir?
- Qızıl medal qazansaydım, özümü daha yaxşı hiss edərdim. Amma ikinci yer də pis nəticə deyil. Biz Türkiyə çempionu olmaq üçün əlimizdən gələni etdik.
- Birinci yeri tutmağa nə mane oldu?
- Bəxt və idman xarakteri. Komandada yer alan voleybolçuların heç də hamısı döyüşkən xarakterə malik deyil. Bu isə çox vacib amildir.
- Azərbaycan, İsveçrə və Türkiyədə oynayan voleybolçu kimi, bu ölkələr arasında hansı oxşar və fərqli cəhətləri qeyd edə bilərsiniz?
- Fikrimcə, ciddi fərq yoxdur. İstisna kimi, öz komandamızı göstərə bilərəm. Heyətdə təcrübəsiz gənclərin çoxluq təşkil etməsi oyunlar zamanı əlavə problemlər yaradır. Komandanın yükü, məsuliyyət mənim və digər təcrübəli voleybolçuların üzərinə düşür. İsveçrə və Türkiyədə isə voleybolçuların, demək olar, hamısı eyni səviyyədədir. Bu səbəbdən onlardan fərqlənməyə çalışırsan. Burada isə vaxtımızın müəyyən hissəsini gənclərə həsr edirik.




- “Azərreyl” güclüdür, yoxsa “Fənərbaxça”?
- Bu suala cavab vermək istəmirəm. Vaxtilə “Azərreyl” kifayət qədər güclü idi. Çünki komandada tanınmış və təcrübəli ustalar çıxış edirdi. “Fənərbaxça”nı da Bakıda məğlub etmişdik. Hər iki komandanın güclü və zəif tərəfləri var.
- Dünyanın ən böyük və gözəl şəhərlərindən olan İstanbulu gəzməyə imkan tapdınızmı?
- Buna o qədər də vaxtımız olmadı. Yorucu məşqlərlə yanaşı, həftədə iki oyuna çıxırdıq. Vaxt tapanda bir az gəzməyə imkan yaranırdı.
- Türkiyədə bəyəndiyiniz və ya bəyənmədiyiniz nə idi?
- Bu haqda konkret fikir bildirmək çətindir. Türkiyə Superliqası çox xoşuma gəldi. Kifayət qədər səviyyəli çempionatdır. Əksər komandaların heyətində güclü legionerlər çıxış edirdi.
- “Fənərbaxça” futbol klubunun oyunlarını “Şükrü Saracoğlu” stadionundan canlı izləmək imkanı oldumu?
- Bəli, istanbulluların İngiltərənin “Çelsi” klubu ilə Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyununa baxdım. Stadionda heç vaxt unuda bilməyəcəyim fantastik ab-hava vardı. Oyun da kifayət qədər maraqlı alındı və “Fənərbaxça” güclü rəqibini məğlub etdi.
- “Fənərbaxça” Türkiyənin maliyyə cəhətdən ən imkanlı idman klubudur. Rəhbərlik voleybol komandası ilə nə dərəcədə maraqlanırdı?
- Bizimlə hər gün ünsiyyət qurub, qələbə qazanmağa ruhlandırırdılar. Komandada ortaya çıxan problem həmin anda həll olunurdu. Bunun qarşılığında isə nəticə tələb edirdilər.
- Bəs azarkeşlər?
- Onlar komandanı hər oyunda sonadək dəstəkləyirlər. Azarkeşlər üçün qələbə və məğlubiyyət ciddi önəm kəsb etmir. Bizimlə sevinib, bizimlə də üzülürdülər. Türkiyənin hansı şəhərində oyun keçirdiksə, azarkeşlərimiz orada bizi yalnız buraxmadılar. Bu, “Fənərbaxça”nın böyük olduğunun göstəricisidir. Mənim özümün xüsusi azarkeşlərim vardı. Fiziki cəhətdən qüsurlu olan bir nəfər məni Azərbaycanda oynayarkən də dəstəklədiyini bildirdi. Məni görəndə ağlamaqdan özünü saxlaya bilmədi. Həmin anda əhvalım korlandı. O, tez-tez mənə şer yazıb gətirirdi. İdmançı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Ona görə də azarkeşlərin etimadını doğrultmaq və onlara xoş anlar yaşatmaq üçün ikiqat güclə çalışmaq istəyirsən.
- Türkiyə Superliqasının ən yaxşı liberosu seçiləcəyinizi gözləyirdiniz?
- Bu, bir qədər gözlənilməz oldu. Çünki Superliqada o qədər də çox oyun keçirmədim. Sadəcə, meydana çıxdığım görüşlərdə bütün bacarığımı göstərməyə çalışırdım. Komandamın qələbəsi üçün əlimdən gələni edirdim. Ən başlıcası isə onlara Azərbaycanda da yüksək səviyyəli voleybolçuların olduğunu göstərmək istəyirdim. Bunu bacardığıma görə çox şadam. Superliqanın ən yaxşı liberosu üçün təsis olunan mükafata sahib çıxmaqdan məmnun qaldım.
- Sizinlə müqayisədə milli komandamızın kapitanı Oksana Quliyeva “Fənərbaxca”nın heyətində lazımi qədər meydana çıxmadı...
- Oksana Türkiyəyə zədəli getmişdi. Bu səbəbdən müalicəsi çox vaxt apardı. Heyətə qatılanda isə həlledici oyunlar başlamışdı. Məşqçilər də lazımi oyun təcrübəsi olmayan və uyğunlaşma prosesi keçməyən Oksanaya pley-off mərhələsində çox güvənmədilər.




- Uğurlu çıxış etdiyinizi nəzərə alsaq, yəqin “Fənərbaxça” rəhbərliyi növbəti mövsümdə də sizi komandada görmək istəyir...
- Bu suala cavab verməsəm yaxşıdır. Təkliflər var. Özü də yalnız “Fənərbaxça” deyil, digər tanınmış klublar da məni transfer etmək istəyir.
- Milli komandamız Avropa çempionatının seçmə qrup oyunlarında çıxış edəcək. Necə düşünürsünüz, yığmamız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəkmi?
- Fikrimcə, ciddi problem olmamalıdır. Zədəli voleybolçularımızın hamısı heyətdə yer alıblar. Yəni, əvvəlki kimi yüksək səviyyədə mübarizə apara biləcəyik.
- Qrupdakı rəqiblərin hansından çəkinməyə dəyər?
- Heç birindən. Biz bu günədək heç bir komandadan qorxmamışıq və hər oyuna qələbə üçün çıxmışıq. Bu dəfə də belə olacaq. İspaniya, Rumıniya və Makedoniyanı məğlub etməyə gücümüz də, potensialımız da çatmalıdır. Avropa çempionatının final mərhələsinə yüksələcəyimizə qəti şübhəm yoxdur.
0