İsrailli voleybol rəsmisi Azərbaycanda ölümdən döndü
14.05.2009 - 12:48
İsrailli voleybol rəsmisi Azərbaycanda ölümdən döndü
Voleybol üzrə dünya çempionatının Qubada keçiriləcək ikinci seçmə mərhələsinin startı ərəfəsində Azərbaycana gələn qonaqlardan biri, İsrail Voleybol Federasiyasının vitse-prezidenti ölümdən dönüb. Apasport.az saytının məlumatına görə, israilli qonaq Qubaya gedərkən qəflətən onurğa sütunundakı yırtıqda ağrılar yaranıb. Onun vəziyyəti tədricən pisləşib və sonda tibbi müdaxiləyə ehtiyac duyulub.

Vitse-prezidenti yolüstü yerli xəstəxanalardan birinə aparıblar. Cərrahiyyə əməliyyatı olunan qonağa Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi yaxından köməklik edib. Hətta Azərbaycan yığmasının baş məşqçisi, eyni zamanda federasiyanın vitse-prezidenti Faiq Qarayev bütün gecəni yatmayaraq, xəstənin yanında qalıb. Bağırsaq ağrılardan da şikayətlənən israilli voleybol rəsmisinin həyatını çətinliklə də olsa, xilas etmək mümkün olub.

Qeyd edək ki, ikinci seçmə mərhələdə milli komandamızla yanaşı, İsrail, Belarus və Ukrayna yığmaları da oynayacaqlar. Sabah Quba Olimpiya Kompleksində start götürəcək yarış 3 gün davam edəcək.

Mənbə: extratime.az
0