Faiq Qarayev: Milli komandada nəinki böyük, hətta çox böyük problem var
15.05.2009 - 10:29
Faiq Qarayev: Milli komandada nəinki böyük, hətta çox böyük problem var
“Komandamızda nəinki böyük, hətta çox böyük problem yaranıb. Məsələ burasındadır ki, Oksana Parxomenko böyrək nahiyəsindəki ağrılardan əziyyət çəkir. O, dörd gündür müalicə olunur və bu müddət məşqlərdən kənarda qalıb. Son dörd gündə dəhşətli günlər yaşamışıq, bunu sözlə ifadə etmək çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev deyib.

Dünya çempionatının bu gün Quba Olimpiya Kompleksində start götürəcək ikinci seçmə mərhələsi ərəfəsində Qarayevi təkcə Parxomenkonun sağlıq durumu qayğılandırır. Təcrübəli mütəxəssis bildirib ki, digər zədəli voleybolçu Kseniya Kovalenkonun səhhəti yaxşılaşıb: “Kovalenkonun məşqdə ayağı burxulmuşdu. Artıq o, sağalıb və məşqlərə qatılıb. Parxomenkonun ilk görüşdə meydana çıxacağı isə sual altındadır. Bütün tibbi kömək edilir, lakin onun temperaturu aşağı düşmür. Parxomenkosuz bizə çətin olacaq. Əlbəttə, onsuz da oynaya bilərik. Ancaq hər halda, Oksana meydana çıxmalıdır. Çünki o, komandada dispetçer funksiyasını yerinə yetirir və hər şeyi yerbəyer edir”.

Qarayev yetirmələri ilə ciddi söhbət etdiyini də nəzərə çatdırıb: “Dünənki iclasda qızlara dedim ki, siz dünya, Avropa çempionatlarının, dünya Qran-Prisinin seçmə mərhələsini adlamasınız. Lakin bu, keçmişdə qalıb. İndi dünya çempionatının final mərhələsində oynamağa layiq olduğunu yenidən sübuta yetirməlisiniz”.

Yığmamızın baş məşqçisi rəqiblərdən də danışıb: “Məsələn, İsrail yığması praktiki olaraq, keçmiş SSRİ voleybolçularından təşkil edilib, burada rusiyalı voleybolçular oynayırlar. Onların hamısına vətəndaşlıq verilib. Çox təcrübəli komandadır. Heyətdə 34-35 yaşlı oyunçular yer alıb. Doğrudan da biz qrupda bütün rəqiblərindən güclüyük. Ancaq bunu meydanda göstərmək lazımdır”.

Qeyd edək ki, milli komandamız bu gün İsraillə qüvvəsini sınayacaq. Sabah Belarusla görüşəcək voleybolçularımız mayın 17-də Ukraynaya qarşı mübarizə aparacaqlar. Reqlamentə əsasən, qrupda yalnız 1 kollektiv dünya çempionatının üçüncü seçmə mərhələsinə adlayacaq.

Mənbə: extratime.az
0