Azərbaycanlı basketbolçu hakimlər stolunu təpiklədi
17.06.2009 - 11:02
Azərbaycanlı basketbolçu hakimlər stolunu təpiklədi
Azərbaycanlı basketbolçu, Türkiyənin “Fənərbaxça Ülkər” klubunun üzvü Rasim Başak növbəti dəfə qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, soydaşımız “Efes Pilsen”lə ölkə çempionatının pley-off matçında əsəblərini cilovlaya bilməyib.

202 sm boya, 100 kq çəkiyə malik 29 yaşlı basketbolçumuz hakimlər stolunu təpikləyib, onları nalayiq sözlərlə təhqir edib. Bu səbəbdən Türkiyə Basketbol Federasiyasının Nizam-İntizam Komitəsi onu sərt cəzalandırıb. Rasim çempionatın qarşıdakı 6 matçında oynamaq hüququndan məhrum edilib. Eyni zamanda, o, 10 min türk lirəsi (təxminən 5 min manat) cərimələnib.

Ümumiyyətlə, basketbolçumuz qardaş ölkənin çempionatında tez-tez qalmaqallarla diqqət mərkəzinə gəlir.

Qeyd edək ki, atası azərbaycanlı, anası isə rus olan Rasim Başak Türkiyə vətəndaşıdır və vaxtilə bu ölkənin milli komandasının şərəfini qoruyub.
0