Gözde Sonsırma: “Azərreyl”ə hörmətlə yanaşırıq
16.11.2011 - 12:35
Gözde Sonsırma: “Azərreyl”ə hörmətlə yanaşırıq
“Hədəfimiz qrup mərhələsini ən yaxşı kimi başa vurmaq və “Dördlər finalı”na vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Vakıfbank TTelekom” voleybol klubunun rəsmisi Ramazan Yıldırım deyib.

O, Türkiyə təmsilçisinin növbəti mövsümdə Çempionlar Liqasındakı hədəflərini açıqlayıb. Yıldırım bildirib ki, “Azərreyl” (Azərbaycan), “Foppapedretti” (İtaliya) və “Tomis”lə (Rumıniya) D qrupunda yer alan “Vakıfbank TTelekom” turnirə hazırdır: “Komandamıza və məşqçilər korpusuna güvənirik. Türkiyəni Çempionlar Liqasında ən yaxşı şəkildə təmsil edəcəyik”.

Klubun məşqçisi Salih Tavacı da iddialı danışıb: “Bu il ötən mövsümdən daha yaxşı çıxış planlaşdırırıq. Fikrimizdə yalnız budur. Voleybolçularımız da əla forma yığıblar. Yenidən Çempionlar Liqasında birinci olaraq, son ildəki uğurumuzu təkrarlamaq istəyirik. İnanırıq ki, bunu bacaracağıq”.

“Vakıfbank TTelekom”un kapitanı Gözde Sonsırma isə klublararası dünya çempionatında Bakının “Rabitə” klubuna uduzmalarını bir daha yada salıb və Çempionlar Liqasında belə zəif oynamayacaqlarını bildirib: “Noyabrın 30-da ilk oyunumuza çıxacağıq. Mövsümə uğurlu başlamaq istəyirik. Qətərdə keçirilən dünya çempionatı yaxşı starta heç bir bəhanə ola bilməz. Çünki həmin vaxt yarışa hazır deyildik. Çətin Avropa çempionatından sonra mübarizə aparırdıq. İndi isə hər şey qaydasındadır. Ancaq yenə çox çalışmaq və rəqiblərimizə hörmətlə yanaşaraq, lazımı taktika qurmaq məcburiyyətindəyik”.

Qeyd edək ki, “Vakıfbank TTelekom” “Azərreyl”lə dekabrın 14-də Bakıda, 6 gün sonra evdə oynayacaq.
0