Tilsim qırıldı - YENİLƏNİB
07.12.2011 - 19:53
Tilsim qırıldı - YENİLƏNİB
“Azərreyl” voleybol klubu Çempionlar Liqasında 3 illik fasilədən sonra bu gün evdə ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk turda səfərdə “Tomis”ə (Rumıniya) 3:0 hesabı ilə qalib gələn “dəmiryolçular” bu dəfə “Foppapedretti”ni (İtaliya) qəbul ediblər.

Bundan öncə “Foppapedretti” ilə 4 görüş keçirən “Azərreyl” həmin qarşılaşmaların hamısında məğlub olsa da, 5-ci dueldə tilsimi qırmağı bacarıb.

Sərəncamında kifayət qədər güclü voleybolçular olan Faiq Qarayevin komandası 3:1 hesablı qələbə sayəsində 3 xal qazanıb. Belə ki, oyunun ilk dəqiqəsi kəşfiyyat xarakteri daşısa da, birinci texniki fasilədən sonra voleybolçularımız təşəbbüsü ələ alıblar. Nəticədə ilk hissədə 10 xal fərqi ilə rəqibi məğlub edən komandamız növbəti setə daha inamlı başlayıb.

Lakin ikinci hissənin texniki fasilələrinə böyük üstünlüklə yollanan “Azərreyl” (8:2, 16:5) sonradan özü çətin vəziyyətə düşüb. İtaliyalılar öncə fərqi 5 (17:12), ardınca 3 (21:18) xala kimi azaldıblar. Amma bundan nəticə çıxaran “dəmiryolçular” toparlanaraq, ikinci seti də aktivlərinə yazıblar.

Növbəti set isə “Foppapedretti”nin üstünlüyü şəraitində keçib. Voleybolçularımızın topu yaxşı qəbul edə bilməməsi və hücumlarının bloka tuş gəlməsi rəqibin sevinməsinə səbəb olub. 25:22 hesabı ilə qalib gələn Apennin təmsilçi setlərin fərqini azaltdıqdan sonra dördüncü hissəyə də uğurlu başlayıb. Lakin xalaxal prinsipi ilə davam edən setdə voleybolçularımız daha dəqiq oynayıblar və yekunda 3:1 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, 2 turdan sonra “Azərreyl” 6 xalla qrup liderliyinə yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi


7 dekabr
II tur


D qrupu
“AZƏRREYL” (AZƏRBAYCAN) – “FOPPAPEDRETTİ” (İTALİYA) - 3:1 (25:15, 25:19, 22:25, 25:22)
Hakimlər: Viktor Markov (Rusiya), Yuri Bakunoviç (Belarus)
Bakı İdman Sarayı

Qeyd edək ki, qrupumuzda yer alan digər klublar – “Vakıfbank TTelekom” – “Tomis” sabah oynayacaqlar.